"Uşaq evində böyüyən Sənan Əhmədov şəhid qardaşı Səbuhi Əhmədovun ailəsi sayılmadı və qanunlarımız ona "şəhid ailə üzvü" statusu verməyə imkan vermədi".
Bu sözləri gənc alim Elyar İslamoğlu Sitat.info-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Səbuhi şəhid olan gündən Sənanın yanında olub, ona mənəvi dəstək olub və şəhid ailəsi statusunu alacağına inandırıb: "Çünki o, ölkədə uşaq evində böyüyən, yeganə ailə üzvü-qardaşını şəhid verən tək qardaş idi. Ona dedim ki, Mütləq istisnalar olacaq, Milli Məclisdə müzakirə ediləcək. Sənan ümidlə gözlədi. Amma təəssüf".
E.İslamoğlu bildirdi ki, şəhid Səbuhi qazandığı pulla, aldığı maaşla kirayədə yaşayan qardaşı Sənanın həyat yoldaşı və körpə övladından ibarət ailəsinə də baxırdı: "Əks halda Sənan fəhləliklə qazandığı az maaşla ailə saxlaya bilməzdi. İndiyədək Sənan çox canlı yayımlarda çıxış edə, müsahibələr verə bilərdi, amma etmədi. Ona qarşı edilən haqsızlığa mərdliklə cavab verməsini, sivil şəkildə mübarizə aparmasını məsləhət etdim. Kənar təsirlərdən, radikallardan, təxribat yaratmağa çalışanlardan qorudum. Bundan sonra Sənan sərbəstdir. Haqqını istədiyi şəkildə tələb etməsinə mane olmayacam".
Nərgiz,
SİTAT.İNFO