“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi yeniyetmələrin peşə təhsili ilə bağlı sonuncu maarifləndirmə tədbirini Biləsuvar rayonunda keçirib. Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbində keçirilən tədbirə məktəbin peşə təhsilinə maraq göstərən 105 şagirdi qatılıb.
Sitat.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva yeniyetmələrin peşə təhsili ilə bağlı maarifləndirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.
“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyinin sədri Nübar Əliyeva bildirib ki, peşə seçərkən verilən doğru qərar yeniyetmələrin gələcək həyatını müsbətə doğru dəyişə bilər: “Yeniyetmələr düzgün peşə seçimi ilə bağlı meyarları öyrənib iştək, bacarıqlarına uyğun peşə seçib, həmin peşəni dərindən öyrənərlərsə, həyatda uğur qazanmaq şansları da artar. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi də bu yolda sizlərə dəstək olmaq üçün həyata keçirilir. Layihənin məqsədi yeniyetmələri peşə təhsili, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirməkdir. Layihə çərçivəsində yeniyetmələrin və valideynlərin maarifləndirilməsi məqsədi ilə respublikamızda peşə təhsili müəssisələrinin mövcud potesialı, hazırda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunduğu buklet hazırlanıb".
Daha sonra tədbirdə layihənin eksperti Xalid Kazımov şagirdlərə Peşə təhsili ilə bağlı məlumat verib. Şagirdlərə doğru peşə seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü ilə bağlı məlumat verilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib. Şagirdlərə portal.edu.az saytında qeydiyyat və peşə təhsili müəssisələrinə sənəd verilmə proseduru əyani olaraq da göstərilib.
X.Kazımov daha sonra şagirdlərə peşə seçərkən necə araşdırma aparmaq, özünü, seçəcəyin peşəni tanımaq, əmək bazarının ehtiyaclarını öyrənməyin vacibliyini əyani misallarla izah edib.
Sonda şagirdlərin peşə təhsili və peşə məktəbləri ilə bağlı sualları cavablandırılıb.
Gülsüm,
SİTAT.İNFO