Biz niyə sevinə bilmirik - Bəzi psixoloji məqamlar

22:14 8 Noyabr 2022

İllərdir hər 20 Yanvar öncəsi, 26 Fevral öncəsi bacardığım qədər, məni oxuyanlar qədər təbliğat aparmağa çalışıram ki, yaşanan faciələri sadəcə matəm kimi anmaq, matəm kimi qələmə vermək, matəm olaraq hüzn etmək doğru deyil. Sanki hansısa bir əl gizli şıkildə xalqı məzlumluğa öyrəşdirir, beyinlərə ancaq öldürüldüyümüz fikrini təlqin edir.  Biz başımıza gələnlərə doğru aspektdən baxa bilmirik. Baxmağa qoymurlar. Doğrudur, 20 Yanvarda şəhid verdik, ancaq çox ciddi ideoloji və hətta siyasi qələbə çaldıq, azadlığımızı geri qazanmaq üçün ciddi təkan oldu.

Xocalıda insanlığın üz qarası, tarixin misli görünməmiş dəhşətlərini yaşadıq  ancaq həm də axı bu proses durduğu yerdə olmadı. Səbəb var idi. Səbəb isə xalqın qəhrəman ruhu, mərdliyidir. Üç ay idi ki, Xocalıda mühasirədə olan camaat torpaqlarından çıxmırdı. Xalqın bu əzmini, ruhunu qırmaq üçün elə bir vəhşət törətdilər ki, ermənifobi yaratsınlar... xalq isə bu fobidən təsirlənmədiyini 44 günlük savaşda ortaya qoydu. 


20 Yanvar və 26 Fevralı faciə, matəm günü kimi qeyd etməyi hardasa bir nəbzə anlayıram. Ancaq 8 noyabrda faciə axtarmaq... burda iki məram olduğunu düşünürəm. Birincisi yəqin ki, bunu yazan insan bədbindir, niyabət tökməyə yer axtarır...

İkincisi isə provakativdir. Adam xalqı provakasiyaya çəkmək istəyir. Ən pisi isə xalqın içində bədbin, sadəcə pisi görməyə alışmış adamlar da bilmədən bu provakativlərin tələsinə düşür və yeri gəldi gəlmədi ağına bozuna baxmadan döşəyir... Bizim unutduğumuz çox ciddi məqam var: qazi sağlığından vətən namusu üçün vaz keçdi. İndi neyləyək ki, ölkədə hansı məssəvə qulluq etdiyi  bilinməyən provakativ məsuliyyətsiz məmurların yava danışıqlarına, kobud rəftarlarına tab gətirmədiyi üçün sinir savaşında uduzub intihar etdi... o günlərdə ürəyimiz yanmadımı, günlərlə əziyyət içində ağlamadıqmı... bu qazilər niyə qazi düşdü? Vətən azad olsun deyə... Şəhid niyə canından keçdi? Vətən azad olsun deyə... Oldu, torpaqlarımız azad oldu. İki ildir müdhiş siyasi savaş gedir ki tam azad olsun.

Bu gərgin zamanda ağzından xeyir çıxara bilmirsənsə bari şər danışma. Şər danışanın səsinə səs vermə. İllərdir gedən torpaqlara ağlayanda niyə belə provakativ səslər çıxmırdı görəsən? İndi sevincimizə bu qədər kölgə salmağa çalışmaq, xalqı sevinməyə peşman qoymaq nəyə lazım? Bu xalqın tarixinə şanlı zəfərlərin yazılmasını kimlər nədən istəmir?


Türkiyə İstiqlal gününü qeyd etmirmi? Lap Amerika İndependence day qeyd etmirmi? Onlar niyə oturub ancaq ağlamır? Həm qüruru, həm hüznü birlikdə yaşadıqlarını hər fürsətdə vurğulayırlar. Birlik olub eyni hədəfə döyürlər. Çünki aralarında provakator yoxdur, olsa da o provakatorun payını birinci xalq verir, daha səsinə səs vermir... Son zamanlar AY Partiyanın bütün gücünü məhz belə provakatorlara inad xalqı mənəvi cəhətdən doğru yönləndirməyə çalışması düşünürəm ki, ideoloji boşluğu olan cəmiyyətə ən böyük xidmətlərdəndir... Sayğılarımla

Aynur Qəzənfərqızı 
AY Partiya Başqanının müavini



Xəbər xətti