Bəhram Bağırzadənin səhvi: niyə tənqid edilir?

08:50 16 Yanvar 2023

Bəhram Bağırzadə geniş müsahibəsində həm də şəhər mədəniyyətindən danışıb; rayondan gələn bəzi insanların şəhər mədəniyyətini mənimsəmədiyini deyib və bəzi təfərrüatı açıqlayıb – məsələn, çəkiliş getdiyini bildiyi halda insanların uca səslə danışmasını və s.

Üç gündür Bəhram bu sözlərinə görə ən ağır təhqirlərə məruz qalır; üç gündür “rusbaş” deyə, adama heyrətamiz söyüşlər ünvanlanır.

Çox qəribədir: Bəhramın – bu təpədən dırnağa milli olan, ruscasında belə Bakı ləhcəsiylə danışan insanı “rusbaş” adlandırmaq kimin ağlına gəlir?

Yalnız və yalnız mədəniyyətsizlərin!

Bəhram Bağırzadənin sözlərinə bu cür “hürrey” təfəkkürü ilə, ziyalılıqdan kənar, heç bir arqument gətirmədən gözünü yumub söyüş yağdırmağın özü də mədəniyyətsizlik, təhsilsizlik, səviyyəsizlikdir, yerini bilməməkdir.

80-ci illəri xatırlayıram: ilk dəfə onda görmüşdüm ki, metro dayananda və vaqonların qapıları açılanda hamı sözləşibmiş kimi, qapıların kənarlarına çəkilir, içəridə qapı ağzında dayananlar da vaqondan düşüb, qapının kənarına sıxılır və düşənlərə yol açır. İlk dəfə onda gördüm, öyrəndim, mənimsədim – vəssalam: daha heç yerdə görmədim, görə bilmirəm.

Biz 30 ildir metrodan istifadəni öyrənə bilmirik – qatar dayanır, basırıq var, vaqondan adam düşməmiş özümüzü içəri soxmağa çalışırıq və yaxud hamı düşməyə çalışarkən qapının düz ortasındakı bir mədəniyyətsiz tükünü belə tərpətmədən, sağa-sola çəkilmədən hər kəsə mane olur.

Bu, şəhər mədəniyyətini mənimsəməməkdir!

30 ildir Bakıda əksər binaların yuxarı mərtəbələrindən həyətə zibil tullayırlar;

30 ildir siqareti çəkib, qonşunun balkonuna, binanın həyətinə atırlar;

30 ildir tum çırtlayıb, şəhərin küçələrinə tökə-tökə gəzirik, əlimizdəki kağızı, siqaret kötüyünü, nə bilim, sellofanı, torbanı Bakı prospektlərinə tullayırıq;

30 ildir Bakı sürücüləri suyu içib, boş butulkanı pəncərədən vızıldadır, yaxud pəncərəni açıb, hayxırtıyla tüpürür – o butulkanın, tüpürcəyin digər maşının şüşəsinə dəyməsi bir yana, hətta yerə düşənləri süpürgəçilərin təmizləməyə məcbur qaldığını düşünən yoxdur.

Anlayıram – 90-cı ilə qədər şəhər hər il 20-30 min tələbə, gənc, işçi qəbul edirdi və bu qəbul edilənlər milyonların içərisində dərhal şəhər mədəniyyətini öyrənirdilər. 80-lərin sonunda isə Bakıya yüzminlər gəldi və şəhər mədəniyyətini darmadağın etdi!

Bakı – rusdilli şəhər idi, milli deyildi – tamamilə doğrudur. O yüzminlər bu rusdilli mədəniyyəti bir anda darmadağın etdilər – olduqca müsbət bir hadisəydi. Bunun ardınca milli şəhər mədəniyyətini özümüz, daha yüksək səviyyədə formalaşdırmalı idik.

30 ildir bacarmırıq və yaxud sanki istəmirik!

Bəhram Bağırzadə rayondan gələnlərin şəhər mədəniyyətini mənimsəyə bilmədiyini deyəndə, kəndçilərin mədəniyyətsiz və səviyyəsiz olduğunu nəzərdə tutmur – tutursa, çox səhv edir. Məsələ bu ki, kənd və şəhər mədəniyyətləri tamamilə fərqlidir.

Kənddə istirahət günləri, şənbə və bazar ələdüşməz fürsətdir – bütün günü evdə qırılıb-tökülənləri təmir etmək üçün. Ancaq şənbə-bazar günləri bina evində təmirlə məşğul olmaq, əlinə balta-çəkic alıb, günün istənilən saatında, gecə yarı olmasına baxmayaraq, divara mıx vurmaq mədəniyyətsizlikdir.

Düzünü deyin, istirahət günü, dincəldiyiniz vaxt azmı olur ki, qonşu əlinə hansısa aləti alıb, divarı deşməklə məşğul olmasın? Yuxudan dik atılıb, dəli olmamısınızmı?

Binanın həyətində gəzərkən önünüzə - lap elə başınıza – kartof-soğan qabığı, siqaret kötüyü düşməyibmi?

Bir restoranda sakit şəkildə istirahət edərkən, qonşu masadakı özündənrazı heyvərənin bağıra-bağıra danışdığı əsəbinizə toxunmayıbmı? Hələ onu demirəm ki, bəzən bu danışıqlar “senzuradan kənar” olur...

Kənd evində musiqiyə istədiyin yüksəklikdə səs versən də, qonşuya mane olmayacaqsan, ancaq şəhərdə - bina evlərində bu səs qonşuya mane ola bilər.

Kənd mədəniyyəti tam başqadır, fərqlidir – çünki mühit ayrıdır; şəhər mədəniyyəti isə tamamilə fərqli anlayışdır.

Bəhram Bağırzadə yalnız özünü düşünməməyə çağırır insanları, deyir ki, danışanda sözlərinin, səs tonunun başqasına mane olmamasına diqqət et; deyir ki, qarşısındakı, ətrafındakıları da düşün; deyir ki, bir-birinizə hörmət edin, bir-birinin haqqını yeməyin, öz istirahətinizin həddini bilin ki, başqasının istirahətini ağuya çevirməyəsiniz!

Nə pis söz deyir ki?

Bərham Bağırzadələrin bu yöndə olan sözlərini top-tüfənglə, səviyyəsiz söyüşlərlə qarşıladığımızdır ki, 30 ildən çoxdur şəhər mədəniyyətini formalaşdıra bilmirik.

Əlbəttə, bunun bir yanı da təhsildən gəlir; əlbəttə, bunun əsas tərəfi də mühitdəndir.

Savadlanın, təhsilli olun, alicənablığı öyrənin ki, metroya minib-düşəndə əzab çəkməyəsiniz, həyətdə gəzəndə başınıza zir-zibil düşməsin – həyətiniz də, şəhərimiz də təmiz olsun, canımız da rahat!

Şəhər mədəniyyətinin tam formalaşmamasından hamımız əziyyət çəkirik axı – biz kənddən gələnlər də, əsil-nəsilli bakılılar da!

Niyə Bəhramın tənqidindən payımızı götürmək əvəzinə adamı söyürük?

Yəni səhv etdi, deməməli idi – nə təhər yaşamışıqsa, elə də davam etməli və əziyyət çəkməliyik? Ziyalılar söyüş qorxusundan susmalıdır, biz də bağıra-bağıra küçələrdə gəzməliyik, zibilləməliyik, ətrafımıza ancaq neqativ püskürməliyik?

Bəhramı söyənlər onun sözlərini özünə götürənlərdir. Heç bir mədəni, təhsilli, savadlı şəxs Bəhram Bağırzadənin sözlərindən incimir – çünki özünə götürmür; əksinə, Bəhrama haqq qazandırır, ona dəstək olur, cəmiyyətdəki bu neqativləri düzəltməyə çalışır.

Mədəniyyəti, təhsili, intellekti olmayanlardır Bəhramı söyənlər – söyüşün isə nə kənd mədəniyyətinə, nə də şəhər mədəniyyətinə dəxli var.

 

 



Xəbər xətti