Putin Ukraynaya hücum planını illərdir ilmə-ilmə hörüb: Qərbin də səssiz qaldığı 3 önəmli hadisə...

11:56 14 Mart 2022

"Rusiyanın Ukraynaya hücum planı, aqressiyası illər öncədən planlaşdırılmışdı, Kreml təbliğatçılarının, “biz hər şey etdik ki, müharibə olmasın”, tezisi ağızlarından çıxan bütün söz “ponosu” kimi yalandır. İndi hadisələrin xronologiyası daha əminliklə bu təcavüzün, azı son 3 ildə hazırlandığını, qərarın illər öncə verildiyini söyləməyə imkan verir. Sadəcə, Kreml son 3 ildə ona mane ola biləcək bəzi daxili və xarici əngəlləri aradan qaldırmaqla məşğul idi".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, hazırlığın ilk böyük həmləsi Belarusda oldu,  2020-ci ilin yazında Belarusla Rusiya arasında gərginləşən münasibətlər pik nöqtəsinə çatdı: "Yaz aylarında Lukaşenkonun bir neçə müsahibəsi oldu, əsas da Ukraynalı jurnalist, Rusiyanın ən zəhləsi gedən media adamlarından biri olan Qordona geniş müsahibə verdi . Putin və Rusiya haqqında xoşagəlməz ifadələr işlətdi, “Vaqner” əməliyyatı, Rusiyanın ölkənin daxili işlərinə burnunun soxması haqqında geniş danışdı: "Bundan öncə isə Lukaşenko 2018-2019-cu illərdə daha yüksək səslə “çoxvektorlu xarici siyasət” barəsində danışırdı, 2019-cu ildə Bolton, 2020-ci ilin fevralın 1-də ABŞ Dövlət Katibi Pompeonun Minskə səfəri baş tutdu – bu səfər və “çoxvektorlu xarici siyasət” bəyanları Kremli çox qəzəbləndirmişdi. Nəticədə məhz Kreml Belarusda inqilabi şərait yaratdı, məhz Moskva Lukaşenkoya əsas qərib kimi 2000-ci ildən 2020-ci ilə qədər, tam 20 il “Qazprombankın” Belarus bölməsinin (BelQazPromBank – səhmlərin 49,8%-i “Qazproma”, 49,8%-i isə “Qazprombanka” məxsusdur) rəhbəri olmuş Babarikonu meydana çıxartdı. Moskvanın izni olmadan tualetə belə getməyən birisi Lukaşenkoya əsas rəqib, müxalifətin əsas pul dağarcığı oldu. Bunun təsadüf olmasına inanan varsa, arxasını oxumasınlar. Sözün qısası, Rusiya Lukaşenkonu öz yaratdığı müxalifət, özünün təşkil etdiyi etirazlar  nəticəsində Lukaşenkonu diz üstə qoydu, tam nəzarətə götürdü, özünün quberniyasına çevirdi".

N.Cəfərli vurğuladı ki, bu məsələdə Qərbin mövqeyi çox yanlış və zərərli oldu: "Əgər hesablaya bilmədilərsə pis, qəsdən etdilərsə, Putinin əlinə oynadılarsa çox pisdir. Bu məsələ gələcəkdə mütləq araşdırılmalıdır, Qərbdə Putinin cibində olan onlarla siyasətçi var, hələ də var. Əgər Lukaşenkonu Putin dizinin altına qoymasaydı, bu gün Ukrayna müharibəsi, bəlkə də, başlamazdı. Başlasa belə, Rusiya qoşunlarının Kiyevə yaxınlaşması mümkünsüz olardı. 

İkinci hazırlıq addımı Navalnı ilə bağlı idi. Onun 2020-ci ilin yanvarında  Rusiyada seçkilərə 9 ay qalmış Almaniyadan dönmə qərarı yanlış idi: "Avropada kim onu başına aldadıb Moskvaya göndərdisə, tam Putinin planına uyğun davrandı. Navalnı həbs olundu, amma əsas bu da deyil – məsələni bəhanə edib Putin müharibəyə 1 il qalmış bütün medianı, Sivil Toplumu təmizlədi, hamını susdurdu, tutduğunu-tutdu, qalanı da ölkədən didərgin düşdü. Bu gün Navalnı hadisəsi, QHT və mediyanın qətl edilməsi olmasaydı, Rusiyada ayaqda qalan, fəaliyyəti olan institut və insanların sayı çox olsaydı, bəlkə də, müharibə olmazdı, olsaydı da cəmiyyət belə rəzil və susqun durumda olmazdı. Bu məsələ də ciddi araşdırılmalıdır, görəsən Qərbin hansı dairələri, kimlər Navalnıyı bilərək oda atıb Rusiyada bütün müxalif düşüncənin öncədən məhf etməyə Putinə kömək etdilər". 

Ekspert qeyd etdi ki, üçüncü addım Qazaxstan idi: "İndi tam aydındır ki, Ukraynadan sonra sanksiyalardan yan keçmək üçün Qazaxstan Kremlə hava-su kimi lazım idi. Çox güman, Nazarbayev özünü daha müstəqil aparmaq istəyirdi, ona görə əzdilər, Tokayevi gücləndirdilər. Və bu məsələdə də Qərbin davranışları ciddi izlənilməlidir. Əgər Rusiyanın Qazaxstan üzərindən “nəfəsliyinin” olduğunu görüb buna öz maraqlarına görə səssiz qalacaqlarsa, bu da ciddi araşdırılmalı mövzu olacaq. Qərbə Rusiyadan neft-qazdan çox əlvan və nadir metallar lazımdır, bu metallar olmadan yeni enerji keçidi mümkün deyil. Bu metalları almaq istəyirlər, 3-cü ölkələr vasitəsi ilə alacaqlar da. Bu da əsas Qazaxstan olacaq". 

SİTAT.İNFO



Xəbər xətti