Rusiya Müdafiə naziri Sergey Şoyqu orduya kifayət qədər sursat göndərildiyini bildirərək deyib: "Ümumiyyətlə müdafiə sektoru ordu və donanmanın ehtiyaclarını qarşılayır".
Sitat.info xəbər verir ki, Şoyqu hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi və Qərbin fəaliyyətləri ilə bağlı açıqlamalar verib.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada döyüşlərini davam etdirdiyini və Ukrayna ordusunun itkilər verdiyini bildirən Şoyqu: "Qərb ölkələrinin görünməmiş hərbi dəstəyinə baxmayaraq, düşmən ciddi itkilər verir. Son bir ayda 15 mindən çox əsgər itirilib. Ordumuz 8 təyyarəni, 277 pilotsuz uçuş aparatını (PUA), 430 tank və zirehli texnikanı, 18 çoxlüləli reaktiv yaylım atəşi sistemini, 225 haubitsa və minaatanı məhv edib. Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq Qərbin göndərdiyi silahları məhv etməyə davam edirik", - deyə bildirib.
Ölkəsində müdafiə sahəsində fəaliyyət göstərən müəssisələrə istehsallarını artırmaq üçün göstəriş verildiyini qeyd edən Şoyqu sözügedən ərazidə hökumətin sifarişlərinin yerinə yetirilməsi prosesini nəzarətdə saxladıqlarını bildirib.
Şoyqu qeyd edib ki, nəticə olaraq 2022-ci ilin əvvəli ilə müqayisədə xüsusi tələb olunan silahların alınması 7 dəfə, ümumi silah növlərinin alınması isə 2,7 dəfə artıb. Rusiya Silahlı Qüvvələrinə kifayət qədər sursat göndərilib. Ümumiyyətlə müdafiə sektoru, ordu və donanmanın ehtiyaclarını ödəyir. Lakin müəssisələrin öhdəliklərini yerinə yetirməməsi risklərini vaxtında aşkar etmək və lazımi tədbirləri operativ şəkildə həyata keçirmək lazımdır
Müdafiə sahəsində fəaliyyət göstərən “Taktik Raket Silahları” fabrikinin dövlət sifarişlərini vaxtında yerinə yetirdiyini bildirən Şoyqu deyib: “Yüksək dəqiqlikli silah istehsalının həcmi ən qısa zamanda iki dəfə artırılmalıdır”.
Seymur Bənnayev
Sitat.info