İran Xarici İşlər Nazirliyi saytın çökdürüldüyünü təsdiqləyib

10:45 8 May 2023

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani nazirliyin rəsmi internet saytının çökdürüldüyünü bildirib, lakin sənədlərin və məlumat bazasının ələ keçirildiyi iddialarını təkzib edib.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kənani Xarici İşlər Nazirliyinin internet saytının çökdürülməsi ilə bağlı açıqlama verib.

Saytın interfeysinin kiberhücuma məruz qaldığını bildirən Kənani, lazımi ehtiyat tədbirlərinin alındığını və bütün xidmət sistemlərinin aktiv şəkildə ictimaiyyətə açıldığını qeyd edib.

Kənani: “Sosial mediada Xarici İşlər Nazirliyinə aid olduğu ilə bağlı yayılan məlumat yalan və əsassızdır. Bunun bu gün baş verənlərlə (kiberhücum) heç bir əlaqəsi yoxdur və sadəcə medianın şişirtməsidir”, - deyə bildirib.

İran mətbuatında yer alan xəbərə görə, bir "hacker" qrupunun hücumu nəticəsində Xarici İşlər Nazirliyinin internet saytı bir müddət fəaliyyətini dayandırıb. Hücumu həyata keçirən qrup nazirliyin bir çox məxfi sənədlərini ələ keçirdiyini iddia edib.

Müsadirə edilən məlumatlar arasında şəxsiyyəti təsdiq edən sənədlər, nazirliyin yazışmaları, telefon nömrələri və minlərlə nazirlik əməkdaşının siyahısı olduğu iddia edilib.

Çökdürülmüş saytın ana səhifəsində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərinin fotoları ilə yanaşı “Xamneyiyə ölüm, yaşasın Recevi” ifadəsi də yer alıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti