Rusiya Odessadakı anbar və sosial obyekti vurdu

22:00 8 May 2023

Rusiyanın Odessaya hava hücumu zamanı ərzaq anbarında və sosial obyektdə yanğın baş verib. Alovun yanğınsöndürənlər tərəfindən söndürüldüyü bildirilir.

Sitat.info xəbər verir ki, Rusiya qoşunları Qara dəniz sahilində yerləşən Odessada yaşayış məntəqələrini, sosial obyekti və ərzaq anbarını hədəfə alıb. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya ordusunun 8 "X-22" raketi ilə həyata keçirdiyi hücumda sosial obyekt və anbarda yanğının baş verdiyini bildirib. Təxminən 10 min kvadratmetr ərazinin yandığını qeyd edən Geraşenko, hücum nəticəsində itkilər barədə məlumatın olmadığını bildirib.

Ukraynanın Cənub Müdafiə Qüvvələrinin sözçüsü Natalia Humeniuk: "Hücum bölgə sakinlərinə sahil xəttinin bu gün sosial məkan deyil, cəbhə xətti olduğunu xatırlatdı", - deyə bildirib.

Raketlərin vurulduğu bölgələrdəki yanğınların söndürüldüyünü bildirən Humeniuk qeyd edib ki, kənd evlərinin və sosial obyektlərin atəşə tutulması düşmənin insanların həyatını yenidən qurmağa çalışdığı yerləri hədəfə alması deməkdir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən gecə ölkənin müxtəlif nöqtələrini hədəf alan Rusiyaya məxsus İran istehsalı olan 35 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti