Almaniya kansleri Şolzdan Rusiyaya daha çox sanksiya mesajı

13:51 9 May 2023

Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı üzərində işlədiyi 11-ci sanksiya paketinin sonuncu olmadığını, digər sanksiya paketlərinin hazırlanacağını bildirib.

Sitat.info xəbər verir ki, Şolz Avropa Günü ilə əlaqədar Strasburqda Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında çıxış etməzdən əvvəl mətbuata açıqlama verib.

Aİ-nin Rusiyaya qarşı sanksiya rejiminin daha da inkişaf etdirilməsini qiymətləndirdiklərini ifadə edən Şolz, 11-ci sanksiya paketinin davamının olacağını bildirib.

Sanksiyaların davamlılıq tələb etdiyini və bunun üzərində çalışdıqlarını xatırladan Şolz qeyd edib ki, növbəti sanksiyalar paketi (11-ci) sonuncu olmayacaq.

Qeyd edək ki, Avropa Komissiyası dünən Rusiyaya qarşı 11-ci sanksiya paketi təklifinin üzv ölkələrə göndərildiyini, əsas diqqətin sanksiyaların tətbiqi, effektivliyi və nüfuzunun qarşısının alınmasına yönəldiyini açıqlayıb.

Bu mərhələdə yeni sanksiyalar paketinin çərşənbə günü Avropa İttifaqı Şurasında üzv ölkələrin Daimi Nümayəndələr Komitəsində (COREPER) müzakirəsi gözlənilir.

Aİ-nin yeni sanksiya paketi təklifi, o cümlədən bəzi Çin şirkətləri Rusiyaya hərbi məqsədlər üçün istifadə oluna biləcək avadanlıqlar təmin etdiyi əsası ilə mətbuata sızıb.

Aİ indiyədək Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib.

Bu çərçivədə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar və qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Mindən çox insanın və 200-ə yaxın qurumun aktivləri dondurulub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti