"Agence France-Press" (AFP) xəbər agentliyində işləyən fransalı jurnalist Ukraynanın Baxmut şəhəri yaxınlığında Rusiyanın raket hücumu nəticəsində həlak olub.
Sitat.info xəbər verir ki, 32 yaşlı video koordinatoru Arman Soldin bazar ertəsi qaldığı yerə yaxın əraziyə raket hücumu nəticəsində dünyasını dəyişib.
Soldin aylardır döyüşlərin getdiyi Baxmutdan 10 kilometr aralıda yerləşən Çasiv Yar qəsəbəsində ukraynalı əsgərlərlə birlikdə olub.
Hücum zamanı həmkarları onun yanında olublar. Komandanın qalan üzvlərində xəsarət almadığı açıqlanıb.
"Armanın itkisi bütün təşkilatı sarsıtdı. Onun ölümü Ukraynadakı münaqişəni işıqlandıran jurnalistlərin hər gün üzləşdiyi risklər və təhlükələr haqqında dəhşətli bir xatırlatmadır", - AFP rəhbəri Fabrice Fries qeyd edib.
Fransa prezidenti Emmanuel Makron, Soldinin müharibənin ön cərgəsindəki əməyinə hörmətlə yanaşdığı mesajında: "Biz onun yaxınlarının və həmkarlarının ağrısını paylaşırıq" , - deyə bildirib.
Qeyd edək ki, Soldin keçən ilin fevralında Rusiyanın işğalından sonra Ukraynaya səfər edən ilk AFP komandasının bir üzvü idi və sentyabr ayından orada yaşayır.
Seymur Bənnayev
Sitat.info