Rusiyanın Ukraynanı öz caynağına almaq üçün hərbi müdaxilə ssenarisinin davam etdiyi şəraitdə digər regionlardakı basdırılmış “minalar” da üzə çıxır.
Bu isə dünyanın sabitlik və təhlükəsizlik oxundan çıxmasına gətirib çıxarır- həmin “minalar” partlasa da, partlamasa da.
Rusiya Prezidenti Vladimir Putinin SSRİ formatlı yeni quruluşu bərqərar etmək sevdası, keçmiş sosialist düşərgəsi olan Serbiyada da ehtirasları hədsiz coşdurur.
Bütün dünya Rusiyaya qarşı birləşib etirazın müxtəlif formalarında səsini ucaltsa da, Serbiya əlahiddəlik göstərir.
Əsasən də, serb millətindən olanlar coşur və Rusiyaya dəstək aksiyaları keçirirlər, bu isə Bosniya və Herseqovinaya məxsus olan və əhalisi əsasən serblərdən ibarət Serb Respublikasında millətçi təmayülləri qızışdırır.
Bir sözlə, Ukraynadakı müharibə Balkan regionunda güclü qütbləşdirici təsirlərə malikdir.
Yuqoslaviyanın dağılması zamanı Balkan yarımadası millətlərarası münaqişənin qanlı nəticələrinə şahidlik edib, o zamandan səpilən toxumlar isə kök saldığından onu tamamilə qurutmaq mümkün olmayıb.
Rusiyanın bu regiondakı kəşfiyyat özəkləri də indi “qocalmış ağacı” budayırlar ki, o, yeni “pöhrələr” versin.
Rusiya Ukrayna müharibəsində informasiya müharibəsini qura bilməyib, amma əvəzində Balkan regionunda Qərbə qarşı maipulyasiya xarakterli bəyanatları körükləyir və aldadıcı manevrlərlə rəylər yaradırlar.
Serbiyadakı Rusiyayönümlü münasibətin əsas səbəbi güclü anti-NATO əhval ruhiyyəsindən və bir çox serbin Rusiyanı alternativ olaraq görməsindən qaynaqlanır.
Rusiyanın Ukraynaya təcavüzünün coşdurduğu hisslər Serbiyanın Avropa İttifaqı yolundakı addımlarına da böyük zərbədir və Belqradın bu ittifaqa üzvlüyə can atmasını tormozlayır.
Moskva isə belə gərginlikdən məmnundur və bunu Kremlin Qərbə qarşı revanşının bir forması kimi təsvir edir.
Təsvir etdiyimiz qara rənglərdən təəssüf ki, qara nəticələr çıxarmaq üçün əsaslar daha çoxdur:
Ən azından iki ölkə arasında münaqişə qaçılmaz hala gəlir – Serbiya ilə Bosniya və Hersoqovina arasında.
Aqşin Kərimov