Separatçıların gecə “bəyanat”ı: Bakı istifadə edəcək

15:37 23 May 2023

Formal olaraq separatçıların qondarma “parlamenti”nin gecə saatlarında qəbul etdiyi bəyanatın heç bir hüquqi, tarixi əsası və əhəmiyyəti yoxdur.

Sitat.info xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elşən Məcidov deyib.

Politoloq separatçıların “bəyanat”la özlərini inkar etdiklərini göstərdiklərini vurğulayıb:

“1988-ci ildə Ermənistan SSR Ali Soveti SSRİ və Azərbaycan SSR-nin Konstitusiyasına zidd və birtərəfli şəkildə Qarabağın Ermənistanın tərkib hissəsinə daxil olduğu haqqında qərar qəbul edib. Daha sonra Müstəqillik Aktına da 1988-ci il qərarı salınıb. Konstitusiyanın preambulasında da sözügedən akta istinad var. Yəni rəsmi İrəvan dolayı yolla Ermənistan və Qarabağın vahid subyekt olduğu məsələsini Konstitusiyaya da salıb. Əslində bunun özü də ölkəmizə qarşı qanunsuz ərazi iddiasının və ekspansionist siyasətin sübutudur. Separatçı tör-töküntülərin gecə bəyanatında isə 1991-ci il 10 dekabr “referendumu”na istinad olunub. Yəni separatçılar bəyanat ilə özləri 1988-ci il aktından və Ermənistan Konstitusiyasından imtina ediblər. Qarabağdakı separatçıların atdığı addımlar məntiqsizdir və heç bir əsası yoxdur. Çünki “referendum”dan əvvəl bütün dünya Qarabağı ölkəmizin ərazisi kimi tanıyırdı və 26 noyabr 1991-ci ildə Azərbaycan Milli Məclisi DQMV-nin ləğvi haqqında qərar qəbul edib. Separatçılar əgər yuxarıda sadaladığımız qərarlar ilə özlərini subyekt kimi xarakterizə edirdilərsə, onda kimdən ayrılıb “müstəqillik” qazanmışdılar?”

Ekspertin sözlərinə görə, başqa bir məqam separatçıların Brüssel və Vaşinqton danışıqlarında imzalanan bəyanatlardan imtinası ilə bağlıdır:

“Dünya həqiqəti görür, bugünkü qlobal geosiyasi konyektura da ölkəmizin maraqlarına cavab verir. Ona görə də, fikrimcə, bu heç bir əsası olmayan bəyanat da əks-təsir göstərəcək və dövlətimizin əlində revanşistlərə qarşı arqumentə çevriləcək. Bundan sonra qlobal güc mərkəzləri real vəziyyəti görməyən və anlamayan, ancaq Rusiyanın dirijor çubuğu ilə hərəkət edən revanşistlərin nazı ilə oynamayacaq”.

Elşən Məcidov revanşistlərin Paşinyana dünən mətbuata verdiyi açıqlamalara görə hansısa ciddi təsir imkanlarının olmadığını bildirib:

“Paşinyan məsələsinə gəldikdə isə separatçıların, yaxud Ermənistan daxilindəki revanşistlər və onlara yaxın müxaliflərin dünənki açıqlamalara görə ondan nəsə tələb etməsi, hansısa müqavilənin pozulduğu ittihamı ilə hansısa hüquqi prosesə (impiçment və s.) başlaması mümkün deyil. Çünki Ermənistanın özü də birbaşa və rəsmi şəkildə “qondarma rejim”i müstəqil hüquqi subyekt kimi tanımayıb”.



Xəbər xətti