ABŞ "sinifdə qaldı", vasitəçi ola bilməz - Şərh

14:08 9 Noyabr 2023

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə çıxışı zamanı deyib ki, Azərbaycanla Ermənistan arasında sülh  rəsmi Vaşinqton üçün prioritet olmaqda davam edir. O, bildirib ki, rəsmi Vaşinqton bunun üçün səylərini davam etdirir: “Biz işlərimizi davam etdiririk”.

Məlum olduğu kimi, ABŞ uzun müddətdir ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəlki dövrdən regional sülh kartından istifadə edərək burada təsir gücünü artırmağa çalışır. Rəsmi Vaşinqtonun əslində səmimi olmadığını isə bu dövlətin keçmiş Minsk Qrupunun həmsədri kimi fəaliyyətsizliyi sübut edir. 

Vətən müharibəsindəki qələbəmiz nəticəsində bölgədə yeni reallıqlar yarandı. Ağ Ev bundan sonra da oyunlarından əl çəkmədi. 
 Ayrı-ayrı vaxtlarda ABŞ rəsmiləri Ermənistanla Azərbaycan arasındakı dialoqu, sülh prosesini dəstəklədiyini bildirib. Eyni ritorika bu gün də davam edir. Amma proseslər göstərdi ki, Qərbin bu addımları manipulyasiya cəhdindən başqa bir şey deyil. 
ABŞ -ın sülh istiqamətində işlərini davam etdirməsi əslində bu dövlətin öz maraqlarının təmin olunması naminə çalışması kimi başa düşülməlidir. Çünki Vaşinqtonu düşündürən regiondakı sabitlik yox, öz maraqlarıdır. 

Xüsusilə ABŞ-ın son vaxtlar verdiyi qərəzli bəyanatlar onu deməyə əsas verir ki, bu dövlət sülh məsələsində və vasitəçilik səylərində səmimi deyil. Əks halda Ermənistana çoxdan təzyiq göstərilməli idi. 
Bu baxımdan deməliyik ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində hansı addım atmasından, hansı işləri görməsindən asılı olmayaraq, daha bunun heç bir nəticəsi olmayacaq. Biz əvvəllər dəfələrlə olduğu kimi, yenə də öz işimizi özümüz görəcəyik. Sülh müqaviləsi Azərbaycanın uğurlu diplomatiyası, Ermənistanın siyasi iradəsi nəticəsində imzalanacaq. 

Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün 



Xəbər xətti