Biz müsəlmanlar səsimizi nə zaman qaldıracağıq? - Ərdoğandan sərt ifadələr

13:30 9 Noyabr 2023

İqtisadi Əməkdaşlıq Təşkilatının Liderlər Zirvə toplantısında çıxış edən prezident Ərdoğan İsrailin Qəzzada törətdiyi qırğınlara çox sərt reaksiya verib və müsəlman dünyasına çağırış edib.
Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən Liderlər Zirvə toplantısında mühüm açıqlamalar verib.

Ərdoğanın çıxışından diqqət çəkən məqamlar var. 

"Enerji və ərzaq məhsullarının qiymətlərinin həddindən artıq artması nəticəsində yaranan inflyasiya son 60-70 ildə pik həddinə çataraq problemləri daha da dərinləşdirdi. Biz bu çətinliklərə qarşı effektiv mübarizənin yollarını axtararkən, işğal olunmuş Fələstin torpaqlarında başlayan münaqişələr ürəyimizi parçaladı. Bu gündən etibarən İsrailin Qəzzaya hücumlarının 34-cü gününü geridə qoyduq. İsrail tərəfindən vəhşicəsinə öldürülən 11 minə yaxın qəzzalının 73 faizi qadın və uşaqlardır.

Qərb ölkələrinin tam dəstəyini alan İsrail rəhbərliyi bəşəriyyətə aid bütün dəyərləri pozaraq məktəbləri, məscidləri, kilsələri, xəstəxanaları, universitetləri və mülki yaşayış məntəqələrini bombalamağa davam edir. Hətta uşaqları belə öldürməyə haqq qazandıran fanatizmlə üz-üzəyik. Davamlı olaraq insan hüquq və azadlıqlarından, demokratiyadan danışan Qərb dövlətləri İsrailin bütün bu qırğınlarını uzaqdan seyr edir.Bu dövlətlər və təşkilatlar o qədər acizdirlər ki, uşaq qatillərini tənqid etmək bir yana qalsın, atəşkəsə belə çağıra bilmirlər. Fikir azadlığı bəhanəsi ilə müqəddəs kitabımız Qurani-Kərimi yandıranlara göz yumanlar Fələstin bayrağına belə dözə bilmirlər".

 Ərdoğan ABŞ və Qərbi ikili standartlarda günahlandırıb: "Oktyabrın 7-dən bəri şahidi olduğumuz ikiüzlülük nümunələrini daha da artırmaq olar. Hadisələr bizə bir daha göstərir ki, müsəlman olaraq birliyimizi gücləndirməliyik. Biz humanitar atəşkəsin təmin edilməsi və münaqişənin yayılmasının qarşısını almaq üçün diplomatik təşəbbüslərimizi davam etdiririk. Biz regiona humanitar yardımın çatdırılması üçün də intensiv işləyirik. Bu günə qədər Misirli qardaşlarımızın dəstəyi ilə 230 tonu aşan 10 təyyarə humanitar yardımı Əl Ariş hava limanına göndərmişik. Bölgəyə 2 mülki humanitar yardım gəmisinin göndərilməsi üçün hazırlıqlarımız davam edir.
Qan tökülməsini dayandırmaq üçün İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq tutacağımız mövqe çox önəmlidir. Fələstin məsələmizi müdafiə etmək üçün birlikdə səsimizi ucaltmağımız çox, çox vacibdir. Xatırladaq ki, Charlie Hebdo hadisəsində 25 nəfər həlak olmuşdu. Dünya liderləri Parisdə birlikdə yürüş ediblər. Hazırda 11 min uşaq və qadın öldürülüb, dünya susur. Əvvəla, Amerika və Qərb hamısı susur. Uşaqlar və qadınlar... Biz bunları hər gün televiziyada izləyirik. Bu gün müsəlmanlar olaraq, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatında səsimizi ucaltmasaq, nə vaxt səsimizi qaldıracağıq?". 

Nərgiz Liftiyeva,

Sitat.info



Xəbər xətti