"Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bu ölməyən ayının dərisinin bölüşdürülməsinə bənzəyir. Dəhliz var ki, ona da nəzarət edəsiz?".
Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, buna baxmayaraq, Rusiya Gürcüstan üzərindən Yuxarı Lars sərhəd məntəqəsində tez-tez təmir işləri aparmaq bəhanəsiylə Ermənistanla ticarət əlaqələrinə ara verir: "Bu yoldan qışda da istifadə çətinləşir. Yolun tez-tez bağlanması Ermənistan iqtisadiyyatına problemlər yaradır. Bununla Moskva İrəvana mesaj göndərir ki, Ermənistana Rusiya ilə ticarət əlaqəsinin saxlanılması üçün münasib dəmir yolu Azərbaycan üzərindədir. Ancaq Kreml bu yolun reallaşmasına o zaman şərait yaradacağına eyham vurur ki, Ermənistan tərəfdən dəhlizin nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir".
E.Şahinoğlunun fikrincə, bu İrəvan üçün ağır şərtdir: "Çünki baş nazir Nikol Paşinyan Rusiyadan asılılığını azaltmaq və Qərbə yaxınlaşmaq istəyərkən ölkəsindən keçən kommunikasiya xətlərinin nəzarətini Kremlə vermək istəmir. Beləliklə, Kremllə İrəvan arasında “dəhlizə kim nəzarət edəcək” sualı ətrafında mübahisə davam edir, bizə isə kənardan seyr etmək qalır".
Məğrur,
Sitat.info