"Növbədənkənar seçki elan edəndə kənar qüvvələrin planlarını alt-üst etmiş olursan" - Tural Abbaslı

16:55 11 Dekabr 2023

"Sual yaranır ki, ölkə başçısı bu növbədənkənar seçkiləri ölkədaxili siyasi amillərə görəmi edib, yoxsa ölkəxarici faktorlara görə qabağa çəkdi? Bu sualla bağlı böyük əksəriyyətin fikri odur ki, İlham Əliyevin müxalifətlə rəqabət imkanları indi daha çoxdur. Qarabağda qalib gəlmiş Ali Baş Komandandır. Qarabağ məsələsini tam bitirib, müxalifətin də nisbətən zəif dövrüdür. Vaxtında başlasaydı da, o qədər təhdid olmayacaqdı. Mümkündür ki, hansısa xüsusi xidmət orqanının və əməkdaşlıq etdiyimiz hansısa təşkilatın bizim xüsusi xidmət orqanlarına  məruzəsi və ya arayışı olub ki, qəfildən, bir günün içində növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

O bildirib ki, bir gün öncə ADA-da beynəlxalq bir tədbir keçirildi və prezidentin orada çıxışı oldu: " Mümkün deyil ki, sənin hansısa planın ola, ancaq ən azı müəyyən mesaj verməyəsən. Prezidentin çıxışında bir çox məqamlar var idi, ancaq seçki ilə bağlı konkret heç bir nüans yox idi. Mən düşünürəm ki, burada xarici təsir amili var. Növbədənkənar seçki elan edəndə sən kənar qüvvələrin planlarını alt-üst edirsən. Söhbət daxildə nəsə etməyə çalışan beynəlxalq güclərdən gedir". 

Partiya başqanının sözlərinə görə, bundan bir gün öncə ABŞ dövlət katibinin müavini Obraynın prezident İlham Əliyevlə görüşü olmuşdu: "Ola bilsin ki, o görüşdən sonra alınan mesajlar, gəlinən qənaətlər belə bir qərar verməyə səbəb oldu. Çünki 2025-ci ildə seçkilərin olacağını hamı bilir, dost köməyə hazırlaşır, düşmən düşmənçiliyinə hazırlaşır. Anidən verilən bu qərar o planları alt-üst edib". 

T.Abbaslı qeyd etdi ki, seçki artıq başlayıb: " Bu 60 günlük bir prosesdir. İstənilən namizəd gedib MSK-dan imza vərəqələrini götürə bilər. Cəmiyyət bu prosesin yalnız 21 günlük hissəsini, yəni təbliğat-təşviqat dövrünü görür. Bundan öncə namizədlərin 1  aydan artıq müddətdə apardığı proses var". 

Kənan

Sitat.info



Xəbər xətti