"Son vaxtlar Ukrayna tərəfindən Rusiya ərazisinə hücumlar intensivləşib. Bu da gözlənilən idi. Çünki qarşıdan Rusiyada prezident seçkiləri gəlir. Putin Ukrayna müharibəsinin bugünki nəticələrindən istifadə edərək elektora nümayiş etdirmək və seçkiyə daha uğurlu şəkildə getmək istəyir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, Putin əldə etdiyi nəticələri seçkilərdə uğur hekayəsinə əlavə edə bilər: "Putin deyə bilər ki, iqtisadiyyatda uğurlar var, Rusiya iqtisadiyyatı daha da gücləndi, onun rəqibləri olan Qərb dövlətləri isə daha da zəiflədilər: "Ukrayna cəbhəsində isə əks-hücuma baxmayaraq heç nə dəyişmədi. Putin bu amillərdən istifadə edərək göstərmək istəyir ki, guya NATO- ilə savaşıb və qalib gəlib. Bunu deməyə onun əsası da var. Ancaq Qərb tam gücü ilə Ukraynada Rusiyaya qarşı savaşmayıb. Hər bir halda Putin Ukrayna savaşından siyasi kapital kimi seçkilərdə istifadə edəcək".
R.Hüseynov bu səbəbdən Ukrayna tərəfindən seçki bitənə qədər davamli hücumların mümkünlüyünü qeyd edib: "Ona görə də, proqnozlaşdırmaq olar ki, fevral və mart ayında Ukrayna hava hücumu ilə Rusiya ərazisinə zərbələr endirməyə çalışacaq. Məqsəd sadəcə seçkiöncəsi dövrdə qələbə ab-havasını Putinin əlindən almaqdır. Ukraynanın məqsədi öz ərazilərini almaq olmalıdır. Rusiya ərazisinə zərbə vurmaqla ciddi nailiyyət əldə edə bilməyəcək. Zelenski sadəcə Ukrayna ordusundan istifadə edərək Putinin nüfuzunu azaltmağa çalışır".
Məğrur,
Sitat.info