"Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Bu dövlət başçısının yenidən Prezident seçiləndən sonra ilk rəsmi səfəridir. Hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Azərbaycan Türkiyə arasında siyasi və strateji münasibətlər ilə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Türkiyə Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarındadır: "Türkiyə ilə 2023-cü ildə ticarət dövriyyəmiz 7 milyard 650 milyon dollaradək yüksəlib. Bu, 2022-ci illə müqayisədə 30.0 faiz artım deməkdir. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Türkiyə 15.0 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın Türkiyəyə ixracatı 5 milyard 359 milyon dollar, qardaş dövlətdən idxalımız isə 2 milyard 291 milyon dollar olub".
İqtisadçı onu da bildirdi ki, digər tərəfdən, Türkiyə ötən il Azərbaycanın 3 milyard 348 milyon dollarlıq qeyri-neft ixracatının 23.4 faizini formalaşdırıb: " İki ölkə arasındakı sərmayə qoyluşlarında da kəskin artımlar müşahidə edilməkdədir.
Göründüyü kimi, iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf etməkdədir. Azərbaycan Prezidentinin səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Azərbaycan qardaş Türk dövlətləri ilə strateji münasibətləri daha da dərinləşdirir. Bu, daha güclü Türk dünyası deməkdir".
Məğrur,
Sitat.info