Türkiyə və Azərbaycan prezidentlərinin mühüm ənənəsi: Hər kəsin qəbul edəcəyi müttəfiqlik...

21:00 19 Fevral 2024

"Azərbaycan və Türkiyədə hər seçkidən sonra ilk qarşılıqlı rəsmi səfərlərin Ankara və Bakıya edilməsi ənənə halını alıb. Azərbaycan prezidenti İlham Əliyevin seçkidən sonra Türkiyəyə budəfəki səfəri də əhəmiyyətli idi.

Birincisi, liderlər iki ölkə arasında ticarət mübadiləsinin həcminin 15 milyard dollara çatdırılmasının vacib olduğunu bir daha bildirdilər. Bu həm də görüşdə iştirak edən nazirlərə tapşırıq idi ki, ticarət həcminin artırılması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa Ankaradakı görüşdə Naxçıvan üçün iki vacib layihənin – Qars-Naxçıvan dəmiryolunun və İqdır-Naxçıvan qaz boru xəttinin reallaşma mərhələsində olduğu xatırladıldı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Altas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, digər tərəfdən  Azərbaycan-Türkiyə Universitetinin yaradılmasının sürətləndirilməsi vacibliyi vurğulandı: "Fransa ilə münasibətlərimiz gərgin olduğu halda Bakıda Fransa-Azərbaycan Universiteti fəaliyyət göstərdiyi halda paytaxtımızda qardaş və müttəfiq Türkiyə adına Universitetin yaradılması zəruridir.

Üçüncüsü, liderlər hərbi texniki əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. Bu sahədə ortaq istehsalın fəaliyyətə başlamasına az qalıb. İlham Əliyev Ankarada “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsini təkrarlamağı da unutmadı.

Dördüncüsü, İlham Əliyev Türk Dövlətləri Təşkilatının iyul ayında Şuşa keçiriləcək qeyri-rəsmi zirvə toplantısına Kuzey Kıbrısın da müşahidəçi qismində dəvət olunacağını bildirdi. İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Kuzey Kıbrısın türk ailəsində yer alması siyasətinə dəstəyini artırıb. Ancaq bu azdır, Mərkəzi Asiya ölkələrinin də Kıbrısa dəstəklərinin artırılmasına ehtıyac var".

Politoloq bildirib ki, artıq bu müttəfiqliyi hər kəs qəbul etmək məcburiyyətindədir: "İlham Əliyevin Ankarada söylədiyi kimi, iki ölkə arasında müttəfiqlik keçmiş illərdə də mövcud olub, İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müttəfiqlik daha üst səviyyəyə çatıb. Bunu bölgədə müxtəlif maraqları olan dövlətlər də qəbul etmək məcburiyyətindədirlər. Həmin dövlətlər anlayırlar ki, Azərbaycana təhlükə yaradacaqları halda qarşılarında Türkiyəni də görəcəklər. Bu Azərbaycanın təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir". 

Seymur,

Sitat.info 



Xəbər xətti