Sülh danışıqlarını pozmağa çalışan 3 dövlət: "Onlar Ermənistanda hər yerdədir"

17:48 23 Fevral 2024

Xəbər verdiyimiz kimi, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik.

Hadisə ilə bağlı Sitat.info-ya danışan politoloq Sülhəddin Əkbər bildirdi ki, bu kimi təxribatlar gözləniləndir: "Nə qədər ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yoxdur, tərəflər yaranmış vəziyyətlə həm defakto, həm də de-yure razılaşmayıblar və ortada üçüncü tərəflər var, bu təxribatlar davam edəcək. Buna alışmaq lazımdır. Hərdəfə biz bu kimi təxribatlara böyük reaksiya verəcəyiksə, o zaman bunun arxasında duran qüvvələr məqsədlərinə çatmış olacaqlar. Bu təxribatlarda məqasəd Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin qarşısını almaq və atmosferi korlamaqdır. Məqsəd çox sadədir. Hər dəfə buna böyük reaksiya verib təəccüblənmək lazım deyil. Aydın məsələdir ki, bunu kim edir və nə üçün edir".

S.Əkbər vurğulayıb ki, hazırda AB və ABŞ-ın vasitəçiliyi ilə danışıqların növbəti raunduna hazırlıq gedir: "Bunu kim istəmir? Fransa, Rusiya və İran üçlüyü...  Keçən dəfə çox aydın şəkildə bilindi ki, bunu edən Rusiyadır. Küçən dəfə hadisə AB missiyasının nəzarət etmədiyi yeganə ərazidə təxribat baş vermişdi. Rusiyanın nəzarət etdiyi və AB missiyasını buraxmadığı yerdə təxribat olmuşdu. Törədənlər də Rusiya ilə bağlı olan qruplaşma idi.  Sonrakı təxribatla göstərmək istəyirlər ki, bu təkcə Rusiyanın nəzarətində olan ərazidə baş vermir, AB missiyasının olduğu yerdə də baş verir". 

Politoloq qeyd etdi ki, Rusiya Ermənistanda hər yerdədir: "İstəsə İranla sərhəddə də, Türkiyə ilə sərhəddə də, Azərbaycanla sərhəddə də təxribat törədə bilər. Ermənistanın sərhəd qoşunlarında da, ordusunda da Rusiyanın agentura şəbəkəsi var. O cümlədən nə sərhəd qoşunlarında, nə silahlı qüvvələrdə xidmət etməyən adamlardan da istifadə edə bilər. Dağın başına çıxıb Azərbaycan tərəfə atəş açmaq o qədər də çətin deyil. İlk dəfədir ki, Azərbaycan bu təxribatlara peşəkar reaksiya verir, yəni reaksiyasız qalır. Bu peşəkar yanaşmadır". 

Nərgiz,

Sitat.info



Xəbər xətti