Neft qiymətləri həftəyə enişlə başladı: Birjalarda nə baş verir?

15:48 26 Fevral 2024

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 80,62 dollara satılır. 
Sitat.info xəbər verir ki, cümə günü 83,48 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 80,80 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,52-də bağlanış vaxtı ilə müqayisədə 0,22 faiz azalaraq 80,62 dollar olub. Eyni zamanda, WTI markalı xam neftin bir barreli 76,28 dollara satılıb.

Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da tələbin azaldığını göstərən məlumatlar qiymətlərin enişində təsirli olmağa davam edir. ABŞ Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə 3,5 milyon barel artdığını açıqlayıb. Ölkədə faiz dərəcələrinin bir müddət yüksək qalacağı gözləntiləri neftə tələbi azaldacaq və ABŞ dollarının digər valyutalar qarşısında bahalaşması qiymətlərin aşağıya doğru hərəkətini dəstəkləyir.

Mütəxəssislər, bu həftə ABŞ Federal Ehtiyat Sisteminin (FED) də inflyasiya göstəricisi olaraq izlədiyi əsas şəxsi istehlak xərcləri məlumatlarını yaxından izləyəcəklər. Bazar oyunçuları bu həftə ABŞ iqtisadiyyatına dair məlumatların FED-in qarşıdakı dövrlərdə atacağı addımlara işarə edəcəyini gözləyirlər. FED-in faizləri nə vaxt endirməyə başlayacağı ilə bağlı qeyri-müəyyənlik davam edərkən, investorlar bank rəsmilərinin açıqlamalarını yaxından izləyəcəklər.

Digər tərəfdən, Qırmızı dənizdə davam edən münaqişələrin qlobal neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıq qiymətlərin aşağıya doğru hərəkətini məhdudlaşdırır.

Yəməndə İranın dəstəklədiyi husilər dünən ABŞ və Britaniyaya məxsus döyüş təyyarələrinin ölkənin cənub-qərbindəki Taiz şəhərinin Şamir bölgəsini bombaladığını açıqlayıb. Husilər yanvarın 12-də ABŞ və İngiltərənin başlatdığı hücumlarda ilk dəfə bir mülki vətəndaşın öldüyünü açıqlayıb. Pentaqondan verilən açıqlamada ABŞ və İngiltərənin müttəfiqlərinin dəstəyi ilə Yəməndə 8 fərqli yerdə 18 Husi hədəfini vurduğu bildirilib.

Husilər dünən Ədən körfəzində Amerika neft tankerini və Qırmızı dənizdə bir sıra Amerika döyüş gəmilərini hədəf aldıqlarını açıqlayıblar.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 80,87-81,11 dollar aralığı müqavimət, 80,55-79,62 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Nərgiz,

Sitat.info



Xəbər xətti