"Ukrayna ilə müharibənin Rusiya prezidenti Putinin hakimiyyətini sarsıdacağını və onun 2024-cü il seçkilərində yenidən prezident seçilə biməyəcəyini gözləyən Qərb strateqləri hesablarında yanıldılar. Artıq seçkilərə iki həftədən bir az artıq vaxt qalıb, hər hansı fövqəladə hadisə baş verməzsə, Putin yenidən prezident seçiləcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şükürlü deyib.
O bildirib ki, Qərb bu seçkilərin nəticəsini tanımayacağını öncədən elan edib: "Ancaq nəticələrin tanınmaması belə, Putini sevməyənlərin seçkisonrası etirazlarının effektli olacağını şübhə altına salır. Çünki Rusiyada kritik situasiyalar üçün hazırlanan Navalnının həbsxanada ölümünə soyuq reaksiyalar bir daha təsdiqlədi ki, Putinə qarşı ölkənin içərisində təşkilatlanmış narazılıq yoxdur və hökumət də ictimai etirazların dərhal yatırılmasına hazırdır.
Ancaq Rusiya hakimiyyətinin qarşıdakı günlərdə Qərb xüsusi xidmət orqanları tərəfindən hansısa irimiqyaslı təxribatların təşkil ediləcəyini gözlədiyi də açıq şəkildə diqqət çəkir".
Politoloq vurğuladı ki, Putinin fevralın 12-ə Türkiyəyə planlaşdırılan səfərinin Rusiyadakı seçkilərdən sonraya ertələnməsi də məhz Qərbdən gözlənilən təxribat riskinin bu aralıqda artmasıyla bağlıdır:
"Hazırda Qərb-Rusiya qarşıdurmasının daha bir önəmli cəbhəsindən – Cənubi Qafqazdan və Ermənistanın Paşinyan hökuməti üzərindən də, eynilə Ukrayna ssenarisinə oxşar şəkildə, təhrikedici addımlarla Putinin təxribata çəkildiyini müşahidə edirik. Sanki, Paşinyan hökuməti əlindən gələn hər şeyi edir ki, Rusiya Ermənistana da hücum çəksin...
5 aylıq sükutdan sonra Ermənistan-Azərbaycan şərti sərhəddində atəşkəsin müntəzəm şəkildə pozulması, Paşinyanın KTMT-ni nüfuzdan salan bəyanatlarını artırması, Fransa ilə əməkdaşlıq çərçivəsində NATO silah sistemlərinin KTMT üzvü Ermənistana verilməsi və hətta Zelenskinin belə Ermənistana səfərinin planlaşdırılması koordinasiyasını Qərb xüsusi xidmət orqanlarının həyata keçirdiyi hərbi-siyasi əməliyyatlardır və əsas məqsəd də Putini Rusiya üçün həyati əhəmiyyətli daha bir dəhlizdə vaxtından qabaq döyüşə çəkmək, həm Ermənistan, həm də Gürcüstanın Qərbyönümlü rəhbərlərinin çağırışıyla NATO qüvvələrinin bu ölkələrə sürətli yerləşməsini təmin etməkdir. Qərbdə çox yaxşı bilirlər ki, martın 17-də Rusiyada prezident seçkiləri, martın 31-də isə Türkiyədə bələdiyyə seçkiləri keçirildikdən sonra Putin Ərdoğanla birgə əsas diqqətini Cənubi Qafqaza yönəldəcək...".
E.Şükürlü vurğuladı ki, Rusiya Ermənistanı və Gürcüstanı Avropa İttifaqı və NATO-ya aparmaq istəyən Paşinyan və Zurabişvili hakimiyyətləriylə haqq-hesabını birdəfəlik çürütməlidir ki, cənub sərhədlərini NATO təhlükəsindən qoruya bilsin: "Əgər Rusiya Ukraynanın ardınca Cənubi Qafqazda da uğur qazansa, bu, hakimiyyətdə olduğu 4 il müddətində Putin və Ərdoğanı yıxacağını vəd etmiş qlobalist Baydenin nüfuzuna böyük zərbə vurmaqla, 2024-cü ildəki ABŞ seçkilərinin də taleyini həll etmiş olacaq və çoxqütblü dünya tərəfdarı olan Trampın prezidentliyə yolunu açacaq".
Ayna,
Sitat.info