"Deyirdilər ki, ruslar heç vaxt Qarabağdan çıxmayacaq, qələbəni də bizə Putin bağışladı" - Natiq Cəfərlidən REAKSİYA

08:40 18 Aprel 2024

"Xoş və şad xəbərlər var – “rusməramlılar” yavaş-yavaş məmləkətimizi tərk etməyə başlayıb, doğrudur, hələ rəsmi məlumat yoxdur, amma görünən odur ki, proses başlayıb. (Kreml artıq təsdiqləyib- RED)

44 günlük Vətən savaşından sonra bəlli bir marginal qrup var idi, aylarla hamımızın ürəyimizi bulandırdılar, “hanı Xankəndi, Xocalı, Xocavənd”, bağıraraq, güya, siyasi mübarizə aparmağa çalışdılar. 2023-cü ildə Azərbaycan ordusu 24 saata bu məsələni, özü də Rusiya “sülhməramlılarını” tapdalayaraq, vurub-keçərək həll etdi, həmin marginal qrup, utanmadı, çıxıb, heç olmasa üzr belə istəmədi".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, sonra eyni qrupun nümayəndələri məntiqə, ağla, hətta real informasiyaya zidd olaraq iddia etməyə başladılar ki, bizə bütün qələbələri Rusiya “bağışladı”: "Deyirdilər ki, ruslar heç vaxt Qarabağdan çıxmayacaqlar, hətta orda böyük hərbi baza yaradacaqlar və s. – bu tipli mənasız “tezislərlə” ortalığa atıldılar. Öz kiçicik beyinciklərində düşünürdülər ki, Azərbaycanı “ruspərəst” göstərsələr Qərb buna görə onlara dəstək, hakimiyyətə köstək olacaq – bu qədər savadsız və mənasız yanaşma ilə ürək bulandırırdılar. Biz hər dəfə fakt və məntiqi analizlə, “Azərbaycanın yeganə müttəfiqi qardaş ölkə, NATO üzvü olan Türkiyədir, ölkənin hərbi-təhlükəsizlik, xarici siyasət məsələləri tam koordinasiya olunur, rəsmi Bakı Kremlin bütün maneələrinə rəğmən Xankəndi və ətrafını nəzarətə götürüb ərazi bütövlüyümüzü bərpa etdi, suverenliyimiz bərqərar oldu”, deyəndə, bizə qarşı qara PR aparırdılar.

Nə isə, onsuz da o kiçicik qrup siyasətin arxivinə gedib-gedir, sadəcə məni narahat edən odur ki, onların mənasız “analizlərinə” inanan az saylı səmimi insanlar da var".

N.Cəfərli hesab edir ki, bu siyasi qrup siyasi səhnəni bəsitləşdirir, ciddi diskursa nə ağılları, nə də bilikləri çatmır deyə daim diskussiyanı sadə və içiboş tezislər, bəlli mənasız əzbərlərin içinə çəkirlər: "Biz çalışırıq ki, siyasi diskursu yaxşı mənada qəlizləşdirək, hökumət bu zaman dolaşır, sinifdə qalır, əksinə, bəlli bəsit əzbərlər üzərindən siyasi diskussiya gedəndə hökumət özünü daha rahat hiss edib üstünlük qazanır. Ona görə də, ya bilərəkdən, ya da savadsızlıqdan bu adamlar daim hökumətin əlinə oynayırlar...".

Səid,

Sitat.info



Xəbər xətti