Taksi xidməti daha da bahalaşacaq: Ən ucuz qiymət...

12:50 17 May 2024

"Gözlənilən və öncədən dediyimiz kimi, hökumətin taksi xidməti sahəsini tənzimləməyə çalışması nəticəsində taksi qiymətləri artdı, iyunun 1-dən sonra isə daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, qiymət artsa da keyfiyyət artımı gözlənilmir: "Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi, çünki, keyfiyyət artmayıb, arta da bilməzdi, eyni avtomobillər, amma daha az sayda taksi xidməti göstərirlər. İqtisadiyyatın “qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir".

Bu addımın məntiqi izahı nədir axı, deyim ki, hökumət, və ya məmurlar bundan əlavə pul qazanırlar – tam da elə deyil, bu sahə hələ də ən az inhisarlaşan sahədir, yaxşı bəs bu israr nədən qaynaqlanır?! GOP-29 tədbirindənmi?! Düşünülməmiş qərarvermə mexanizmlərinin sistemdə əsas davranış qaydası olmasındanmı?!

Suallar çox, cavab verən yox, əziyyəti isə sadə vətəndaşlar çəkir. Belə aşırı tənzimləmə (over-regulation), Avropada iqtisadiyyatı çökdürmək üzrədir, indi eyni yanaşmanı Azərbaycana da tədbiq edirlər, yəni heç dəsr çıxarmırlar...".

Seymur,

Sitat.info



Xəbər xətti