"ABŞ-ın atdığı bəzi addımlar “koqnitiv dissonans” yaradır, dünyada demokratiya anlayışına zərər vurur – bu haqda aydın danışmaq, dünya üçün çox vacib olan bir ölkənin qərarlarının fundamental prinsipləri gözdən saldığını demək lazımdır ki, avtoritarizm daha da geniş yayılmasın, bu tipli rejimlər güclənməsin. Bu gün ABŞ-ın aldığı bəzi qərarlar demokratik prinsipləri tapdalamaqla yanaşı, azad bazar, mülkiyyət toxunulmazlığı kimi, ABŞ-ı güclü, Qərbi cəlbedici edən prinsiplərə ziddir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, ABŞ dövlətlərin daxili işlərinə yersiz müdaxilələri avtoritar hökumətlərin arqumentlərini gücləndirir: "ABŞ elan edib ki, Gürcüstana qarşı sanksiyalar qoyacaq, səbəb kimi də Gürcüstan parlamentinin qəbul etdiyi “xarici təsirlər haqqında” qanun göstərilir. Xatırladım ki, ABŞ 2020-ci payızında Gürcüstanda keçirilən Parlament seçkilərini alqışlamışdı, seçkinin demokratik olduğunu bəyan etmişdi, Gürcüstan xalqını və hökumətini demokratik seçkilər münasibətilə təbrik etmişdi. Yaxşı, indi demokratik seçkilərlə formalaşan parlament, lap elə pis bir qanun qəbul edir, Gürcüstan parlamentinin 40%-ə yaxını müxalifətdir, deməli əhalinin də 40%-ə yaxını (kobud hesablama olsa da) hökumətə qarşıdır. Hökumətə qarşı olanlar qanuna etiraz edərək onminlərlə etiraza çıxır - əla, bu da demokratik haqqdır, dinc aksiyaların olması Gürcüstanın demokratik ölkə olmasına işarədir.
Qanunu (qanunun özü zay ola bilər) demokratik seçkilərlə formalaşan və ABŞ tərəfindən legitimliyi tanınan Parlament qəbul edir – istənilən demokratik ölkədə hakim partiyanın təklif etdiyi qanunlara müxalif partiyalar və tərəfdaşları çox zaman etiraz edirlər, əlehinə səs verirlər, amma demokratiyanın qızıl qanununa görə, çoxluğun qərarını qəbul edib, növbəti seçkilərdə qalib gələrək bəyənmədikləri qanunları dəyişməyə çalışırlar. Demokratiya bunu tələb edir!"
Bəs ABŞ Gürcüstana nə deyir?! Deyir ki, demokratik seçilmiş parlamentin qəbul etdiyi qanuna görə ölkəyə sanksiya qoyuram. Belə də iş olar?! Axı bu demokratiyanın özünə, dəyərlərinə, prinsiplərinə zərbədir, demokratiyanı gözdən salaraq məhz avtoritar liderləri və ölkələri gücləndirir, bunu anlamırlarmı?! Gürcüstanda növbəti parlament seçkilərinə 5 ay qalıb, cəmi 5 ay!
ABŞ demokratiyanı müdafiə edərək deməli idi ki, bu Gürcüstan Respublikasının daxili işidir, əgər xalq bu qanundan, bu hökumətdən narazıdırsa, növbəti seçkilərdə öz səsi ilə onları cəzalandırmalı, yeni parlamentdə müxalifət üstünlük qazansa, o qanunu ləğv edə bilər. Qanun Quran ayəsi deyil ki, toxunulmasın!"
N.Cəfərli vurğulayıb ki, demokratiya etalonunun bu dəyərləri çeynəməsi təhlükəli tendensiyadır: "ABŞ 20-ci əsrdə dünyada demokratiyanın mayakı idi (2000-ci ilə qədər), bu ona görə baş verib ki, demokratik dəyərləri, prinsipləri müdafiə edib. İndi atdığı addımlar isə avtoritar sistemlər üçün demokratiyanı urvatsız etməyə əsaslar yaradır. Olmaz belə, bu insanlıq tarixi, bəşəriyyətin inkişafı üçün təhlükədir. ABŞ öz təməl ayarlarına geri dönməlidir ki, dünyanın istiqaməti dəyərlərə, prinsiplərə uyğun olsun...".
Türkan,
Sitat.info