Putin atəşkəsə hazırdır! Məxfi mənbələr dünya mətbuatına elə sirrlər açdı ki...

18:24 24 May 2024

Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibə 2 ildir ki, davam edir. Bəs, tezliklə atəşkəs əldə oluna bilərmi? Rusiya lideri Vladimir Putinə yaxın olan ən azı dörd yüksək səviyyəli mənbə Ukraynadakı müharibənin gedişi ilə bağlı diqqətçəkən iddialar səsləndirib...
Beynəlxalq xəbər agentliyinə danışan mənbələr bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni "mövcud döyüş xətləri tanınmaq şərtilə" danışıqlar yolu ilə, atəşkəslə dayandırmağa hazırdır.
Mənbələr öz bəyanatlarında bildiriblər ki, Kiyev və Qərb bu təklifə cavab verməsə, Putin müharibəni davam etdirməyə də hazırdır.
Euronews yazır ki, Putin ətrafında gedən müzakirələrlə tanış olan mənbələrdən üçü, Rusiya lideri Qərbin  danışıqları əngəlləmək cəhdlərindən və Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqları rədd etmək qərarndan məyusdur, bunu bir qrup müşavirinə bildirib.
Putinlə işləyən və Kremldə yüksək səviyyəli danışıqlar barədə məlumatı olan digər yüksək səviyyəli rus mənbə bildirib ki, Putin lazım olduğu qədər döyüşə bilər, amma o, müharibəni dondurmaq üçün atəşkəsə də hazırdır. 

Xəbərdə adı çəkilən mənbələr məsələnin həssaslığı səbəbindən anonimlik şərti ilə danışıblar. Moskvanın məqsədə çatmaq üçün dialoqa açıq olduğunu və ölkəsinin "Əbədi müharibə" istəmədiyini ifadə ediblər.

Ukrayna Xarici İşlər və Müdafiə nazirlikləri Rusiya mənbələrinin iddialarına cavab verməyib.
Bəzi Qərb hərbi və siyasi analitikləri ötən həftə iqtisadçı ekspert Andrey Belousovun Rusiya müdafiə naziri təyin olunmasını “Moskvanın uzun sürən münaqişədə qalib gəlmək üçün Rusiya iqtisadiyyatını daimi müharibə vəziyyətinə salmaq cəhdi” kimi qiymətləndiriblər. Qərar Rusiyanın son həftələrdə cəbhədə davam edən təzyiqlərindən və ərazi ələ keçirməsindən sonra verilib. Bununla belə, mənbələr mart ayında yeni altı illik müddətə yenidən seçilən Vladimir Putinin, Rusiyanın indiki sürətindən istifadə etməyə üstünlük verəcəyini bildirib. 


Mənbələrdən ikisi Kremldə gedən yüksək səviyyələrindəki danışıqlardan əldə etdikləri məlumatlara əsaslanaraq, Putinin bu günə qədər müharibədə əldə olunan nailiyyətlərin “rus xalqına qələbə qazandırmaq” üçün kifayət etdiyi qənaətində olduğunu bildirib.

İkinci Dünya Müharibəsindən bəri Avropanın ən böyük torpaq münaqişəsi hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyub və Rusiya iqtisadiyyatına qarşı genişmiqyaslı Qərb sanksiyaları ilə nəticələnib.

Üç mənbə deyib ki,  Putinin cəbhədə  hər hansı yeni  irəliləyiş olarsa, yenidən ümummilli səfərbərlik qərarı verməli olduğunu  başa düşdüyünü və bunu istəmədiyini qeyd edib. Rusiya liderini tanıyan başqa bir mənbə isə onun ilk səfərbərlikdən sonra populyarlığının azaldığını vurğulayıb. Səfərbərlik çağırışı əhali arasındatəşviş yaradır, cəmiyyəti qorxuya salır və yüz minlərlə hərbi yaşda olan kişinin ölkəni tərk etməsinə səbəb olur. Səfərbərlik zamanı sorğular Putinin populyarlığının aşağı düşdüyünü göstərib. Peskov Rusiyanın səfərbərliyə ehtiyacı olmadığını və bunun əvəzinə silahlı qüvvələrə könüllüləri cəlb etdiyini bildirib.

Atəşkəs və hətta sülh danışıqlarının mümkünlüyü hazırda olduqca uzaq görünür. Çünki Zelenski dəfələrlə vurğulayıb ki, Putinin şərtləri ilə sülh mümkün deyil. O, itirilmiş əraziləri, o cümlədən Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri alacağına söz verib. Bundan əlavə, Zelenski 2022-ci ildə Putinlə hər hansı görüşün “mümkünsüz” olduğunu rəsmən bəyan edən fərman imzalayıb. Mənbələrdən biri deyib ki, Rusiya ondan yan keçib Vaşinqtonla razılaşmasa, Zelenski hakimiyyətdə olarkən heç bir sövdələşmə baş tuta bilməyəcək.

Bununla belə, ötən həftə Kiyevdə çıxış edən ABŞ dövlət katibi Antoni Blinken Putinin “ciddi danışıqlarda maraqlı olduğuna inanmadığını” deyib. Lakin dörd mənbəyə görə, Putin hazırda sahib olduğu ərazi ilə kifayətlənməyə və mövcud cəbhə xəttində münaqişəni dondurmağa hazırdır: “Putin deyəcək ki, biz qalib gəldik, NATO bizə hücum etdi və suverenliyimizi qoruduq, Krıma quru dəhlizi açdıq. Bütün bunlar əlbəttə ki, doğrudur”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti