Böyük güclər Zəngəzur dəhlizində "toqquşur": İran və Rusiyanın əsas qorxusu...

13:42 9 Avqust 2024

"Zəngəzur dəhlizinin açılması heç vaxt gündəmdən çıxmayıb və belə bir fikir də yoxdur. Müzakirə predmeti sadəcə, sülh müqaviləsinin imzalanması ilə Zəngəzur dəhlizinin açılması və yaxud sülh müqaviləsi imzalandıqdan sonra açılması məsələsi ola bilər. Yəni bu gün Zəngəzur dəhlizi probleminin həllini məhz delimitasiya və demarkasiya ilə bağlı komissiya özü həll edə bilər. Bəs o zaman niyə bu məsələni bu qədər qabardırlar? Məsələ ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistanın özü də razıdır. Sadəcə olaraq, İran bu məsələni qabartmaqla Zəngəzur dəhlizinin açılmasını istəmədiyini ortaya qoyur..".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Arzu Nağıyev deyib. 

A.Nağıyev qeyd edib ki, Rusiyanı da narahat edən məqam təkcə Zəngəzur dəhlizinin açılması deyil, ABŞ və Qərbin bölgəyə ayaq açmasıdır: "Son vaxtlar Rusiya ilə İran arasındakı görüşlərdən, hətta Şoyqunun səfərindən də aydın oldu ki, Rusiyanı maraqlandıran əsas məqamlar Zəngəzur dəhlizinin açılması, eyni zamanda paralel olaraq NATO-nun və yaxud digər Qərb dövlətlərinin Ermənistan ərazisinə çoxsaylı silah sursat gətirməsi, və orada hərbi bazanın yaradılmasıdır. Bundan İran narahat olmalıdır. Lakin İran belə başa düşür ki, Ermənistanla olan tərəfdaşlıqda əsas məqam yükdaşımalardır, İranın burada iqtisadi maraqları var. O, öz ərazisindən keçən logistik daşımalara operatorluq etmək istəyir. Bu da bir sıra Qərb dövlətlərini razı sala bilməz. Çünki onlar İranın ərazisindən hər hansı bir yükü onlar keçirməyəcək. Qərb üçün ən optimal variant məhz Zəngəzur dəhlizidir".

Deputatın fikrincə, digər məsələ Azərbaycan tərəfinin sülh müqaviləsinin imzalanmasında əsas şərt  kimi Konstitusiya dəyişikliyini gündəmə gətirməsidir: "Əsas məqam budur. Əgər sülh müqaviləsi imzalandıqdan sonra Konstitusiyada yenə də bizim ərazi bütövlüyümüzə iddia varsa, bu müqavilə Ermənistan parlamentində ratifikasiyadan keçməyəcək. Çünki revanşist qüvvələr heç vaxt imkan verməyəcək ki, bu sülh müqaviləsi öz qanuni qüvvəsinə minsin. Buna görə də, düşünürəm ki, ermənilər bu söhbəti indi ortaya atıblar".

A.Nağıyev hesab edir ki, bu məsələlər Ermənistanın iradəsi xaricində olsa belə həllini tapacaq: "Birinci məsələ odur ki, sülh müqaviləsinin imzalanması ən çox Ermənistana lazımdır. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların açılması da ilk növbədə Ermənistana lazımdır. Özünü bu təcriddən çıxartmaq üçün, öz iqtisadiyyatını dirçəltmək üçün... Ona görə də Azərbaycan   sülh müqaviləsinin imzalanmasında əsas istiqamət kimi Konstitusiyada dəyişikliyi   Ermənistandan tələb edir.  ir daha qeyd edirəm, Zəngəzur dəhlizinin açılması müqavilədən sonra da ola bilər,  müqavilədən öncə də ola bilər. Bu, təkcə  Ermənistanın və yaxud kiminsə istəyi ilə deyil, bunu super güclər də istəyir. Eyni zamanda Azərbaycan ərazisindən keçərək bu yolun daha qısa Avropaya çıxmasında mütləq şəkildə Azərbaycanı dəstəkləyirlər".

Məğrur,

Sitat.info



Xəbər xətti