Ukrayna hər gün Rusiya ərazisində daha çox irəliləyir! Kreml çətin seçim qarşısında...

11:33 15 Avqust 2024

"24 il əvvəl avqustun 12-də Rusiyanın “Kursk” sualtı gəmisi batdı, 120-yə yaxın dənizçi həlak oldu. Gəminin batma səbəbi birinci bölmədə raketin texniki səbəbdən partlaması göstərildi. Dənizçilərin bir qrupu gəminin digər bölmələrində hələ sağ ikən Kreml həmin ərazidə üzən NATO gəmilərinin kömək təklifindən imtina etdi. Nəticədə zaman itirildi və o biri bölmələrdə sağ qalanlar da həlak oldu. Üstündən 24 il keçdikdən sonra Kreml növbəti Kursk faciəsiylə üzləşib, bu dəfə ərazilər itirilib, ölənlərin sayı da çoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin  rəhbəri Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Kreml iki çətin seçim qarşısındadır: "Birinci seçim Ukraynanın şərqində döyüşən birlikləri Rusiya ərazilərinin azad olunmasına cəlb etməkdir. Sadəcə olaraq, bu halda Ukrayna ordusu üçün əks-hücum imkanı yaranacaq. İkinci seçim isə müharibədə iştirak etməyən hərbi mükələfiyyəti olan gəncləri Kursk ətrafının azad olunmasına göndərməkdir.

 Bu halda Rusiyanın itkisi daha çox olacaq, çünki döyüş qabiliyyəti olmayan gənс ruslar peşəkar ukraynalı hərbçilərlə üz-üzə qalacaq, ya öləcəklər, ya da daha əvvəl olduğu kimi təslim olacaqlar".

E.Şahinoğlunun fikrincə, Kreml hələ ki, ikinciyə üstünlük verir, ancaq nəticə yoxdur. Ukrayna ordusu gün ərzində Rusiya ərazisində daha çox irəliləyib.

Nigar,

Sitat.info



Xəbər xətti