Cəmiyyətdə normaları pozan, qırmızı xəttləri aşan TİK-TOK: "Hər gün bir yeniyetmə intiharının şahidi oluruq"

11:30 26 Aprel 2022

Son zamanlarda məşhur sosial platformaya çevrilən "Tik-Tok" yaranan yeni trendlər artıq cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Bir çox insanın gününün çox hissəsini keçirtdiyi bu  platformanın digər sosial şəbəkələrdən əsas fərqi odur ki, burada insanlar öz davranışlarına hər hansı bir  məhdudiyyət qoymurlar və müəyyən qırmızı çizgiləri keçirlər. İstər gənclərlə bağlı, istər məşhurların oradakı iştirakı ilə bağlı bəzən xoş olmayan görüntülər ortaya çıxır.  Vaxtikən ictimai qınaq yaradan davranışların indi sanki norma kimi cəmiyyətə sırınması, adiləşməsi son dərəcə mənfi durum yaradır.

Bəs bunlar ümumilikdə cəmiyyətin mədəniyyətinə necə təsir göstərir ? Bu cür sosial şəbəkələrdən istifadə gənclərin, hələ formalaşmaqda olan yeniyetmələrin şüuraltına necə  yansıyır?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən psixoloq Elnur Rüstəmov bildirir ki, "Tik-Tok" və digər sosial platformaların hər birinin insanlara bir xitab forması var : "Məsələn, "Tik-Tok" da rast gəlinən bir çox videomateriallar var ki, biz ona "Twitter" və "Facebook" da rast gəlmirik. Onu ancaq "Tik-Tok"da görə bilərik. Və ya  seqment statuslu kontent var ki, bu ancaq "Twitter" izləyiciləri üçün maraqlı ola bilər. "Tik-Tok" izləyiciləri üçün də çox təəssüflər olsun ki, təqdimat o formada gedir. Və bəzən "Tik-Tok"da o qırmızı çizgini də keçirlər. "Tik-Tok" izləyiciləri tək böyüklər, yetişkin insanlar deyil, orada azyaşlı uşaqlar da, yeniyetmələr də var. Onlar da istəyərəkdən və yaxud istəməyərəkdən o videoların izləyicisinə çevrilirlər. Bu da həm onların ünsiyyətinə, davranışlarına, həm də  ailə ilə, ətrafla münasibətinə təsir göstərir. Və biz bunun fəsadlarını da görə bilirik". 


Psixoloq bir məqamı da  xüsusi qeyd etdi ki, bugün ictimai nəzarət, ictimai qınaq fərdi məsuliyyət üzərindən getsə, daha yaxşı olar: "İctimai nəzarət, ictimai qınaq öz yerində olmalıdır. Ancaq fərdi məsuliyyət də önə çəkilməlidir. Hər kəs fərdi məsuliyyəti hiss etsə, düşünürəm ki, bu problem də bu yerə qədər gəlib çıxmaz. Əks təqdirdə biz hardasa hər gün bir yeniyetmə intiharını və yaxud yeniyetmənin törətmiş olduğu cinayət hadislərinin şahidi oluruq. Çünki bu cür informasiyalar cəmiyyətdə, insanlararası münasibətlərə neqativ təsir göstərir. 
Elnur Rüstəmov bildirdi ki, psixoloji maariflənmə ilə bağlı cəmiyyətdə kompkeks işlər aparılmalıdır : " Mən düşünürəm ki, bu maarifləndirmə olduğu təqdirdə proses qismən məcrasına düşəcək. Yəni buna nəzarət mexanizmi yalnız maariflənmədən keçir. Nə qədər çox insan maariflənərsə, bilgili olarsa, bir o qədər də həm özlərini, həm də yaxınlarını qoruya bilərlər". 

Ləman Sərvanqızı 

SİTAT.İNFO



Xəbər xətti