"Əhalinin güzəranı gündən-günə çətinləşir" - Tural Abbaslı hökumətə SƏSLƏNDİ

22:03 25 Aprel 2022

Son 3 ildə pandemiya səbəbindən iş yerlərinin bağlanması, əhalinin gəlirlərinin azalması, manatın dəyərsizləşməsi fonunda onsuz da əhalinin maddi rifahı xeyi zəifləmişdi. Son ayların əsas tendensiyası isə bahalaşmadır.  Xüsuən Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra  bir çox məhsulda bahalaşma özünü kəskin göstərir. Qlobal istehsal və logistika zəncirində baş verən ləngimələr qlobal inflyasiya prosesini daha da sürətləndirir ki, bu inflyasiya da hər sahədə idxaldan asılı olan bir ölkə kimi qısa zamanda Azərbaycana idxal olunur.

Doğrudur ötən ilin sonunda hökumət bahalaşmanı kompensasiya etmək üçün  əmək haqqı və pensiyaları  artırdı. Bəs bu artım hazırda da gedən bahalaşma prosesinə adekvat oldumu? Ümumiyyətlə əhalinin gəlirlərindəki artım bahalaşmaya adekvatdırmı? Bu uyğunluğu necə təmin etmək olar?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı  bildirdi ki, gəlirlərlə qiymət artımı arasında olan uyğunsuzluğu müşahidə etmək üçün xüsusi iqtisadi biliyə ehtiyac yoxdur: “ Bu artımlar əhalinin gündəlik yaşam tərzinə də ziyan vurur. Əhalinin güzəranı daha da çətinləşir. Artımlar real inflyasiyanı qarşılaya bilməyəcək qədər cuzidir, simvolik xaraktər daşıyır. Real qiymət artımları bazarda 45-60% arası olduğu halda   gəlirlərdə, pensiyalarda artım ən yaxşı halda 20-25% olur. Bu artım bütün sahələri əhatə etmir”.

Tural Abbaslı qeyd edir ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti dövlət müəssisələrində işləmir və ona görə də artımlar həmin şəxsləri əhatə etmir: “Yenidən iqtisadi qanunlar qəbul etməyə ehtiyac yoxdur, müasir iqtisadiyyatda bütün problemlərin həlli yolları var. Sadəcə bunu tətbiq etmək və insanların güzəranına yaxşı təsir edəcək addımları atmaq lazımdır. Bu addımlar hazırda atılmır. 

Nəzərə alsaq ki, bu il dünyada baş verən siyasi hadisələr fonunda Azərbaycanın neft və qazdan gələn gəlirləri dəfələrlə artıb, ən azından indi nələrinsə təməlini qoymaq olardı. Təəssüf ki, iqtidar buna ehtiyac duymur”.

 

Safura Bənnayeva

Sitat.info



Xəbər xətti