"Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə əsasən, ali təhsil müəssisəsində diplom əldə etmək üçün əlavə ödəniş tələb olunmur. Qanunvericiliyə görə, diplom almaq ali təhsil prosesinin bir hissəsi hesab olunur və bu sənədin təqdim edilməsi üçün təhsil alanlardan ödəniş tələb etmək qanunsuzdur".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bunu etmək müəssisənin vəzifələrindən biridir: "Azərbaycan Respublikasının Təhsil Qanununun müvafiq maddələrinə (Təhsil müəssisələrinin vəzifələri) əsasən, təhsil müəssisələri tələbələrin təhsilini qanunvericiliyə uyğun olaraq təşkil etmək və təhsil aldıqlarına dair sənədləri – diplom, sertifikat və s. – vermək vəzifəsinə malikdirlər:
Təhsil müəssisələri bu xidmətlər üçün əlavə ödəniş tələb edə bilməzlər".
Ekspert onu da qeyd etdi ki, bu vəzifənin icrasından imtina hüquqi məsuliyyət yaradır: "Bundan əlavə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələrdən kənar tələbələrin hüquqlarının pozulması inzibati məsuliyyət yarada bilər. Yəni, ali təhsil müəssisəsi tələbələrdən diplom üçün ödəniş tələb edərsə, bu qanunvericiliyin pozulması hesab olunur və buna qarşı hüquqi tədbirlər görülə bilər".
Seymur,
Sitat.info