Rusiya-Ukrayna müharibəsinin taleyi ABŞ-da keçiriləcək prezident seçkilərindən asılıdır. Belə ki, hazırda noyabrın 5-də keçiriləcək seçkilərin təbliğat dövrüdür. Namizədlər Kamala Harris və Donald Tramp arasında olan mübarizə bütün dünyanın diqqət mərkəzindədir. Ukrayna üçün isə bu taleyüklü məsələdir. Hər iki namizədin xarici siyasət yanaşmaları fərqlidir.
Bəs bu seçkinin nəticəsi Rusiya-Ukrayna müharibəsinin taleyinə hansı iqtiqamətdə təsir göstərə bilər?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı ki, kimin qalib gəlməsindən asılı olmayaraq gələcək aylarda bu haqda danışıqlar başlayacaq: "Ancaq Demokratların və Respublikaçıların yolları fərqlidir. Respublikaçılar ikili təklif və şantaj metodundan istifadə edəcəklər. Yəni, Rusiyaya sülh bağlaması üçün təklif irəli sürüləcək.Əgər Rusiya bu təklifi rədd etsə, onda Rusiyaya təhdid olaraq Ukrayna külli miqdarda silahla təmin ediləcək. Eyni metodu Ukraynaya da tətbiq edəcək, Rusiyanın təklifini qəbul etmədiyi təqdirdə olunan yardımlar dayandırılcaq və deyiləcək ki, Rusiya sizi məğlub edəcək. Respublikaçıların yolu budur, yəni Tramp qalib olsa gözlənilən hadisələr bunlardır".
N.Cəfərlinin sözlərinə görə, Demokratlar masa qurmaq istəyirlər, məsələyə daha qlobal baxırlar: "Yəni Rusiya-Ukrayna bir elementə çevrilə bilər, ümumi fonda İranla bağlı, Çinlə bağlı, Avropa Birliyi ilə bağlı, Afrika ilə bağlı, yəni dünyanın müxtəlif bölgələri ilə Amerika arasında müəyyən sazişə getməyə çalışacaqlar. Ukrayna məsələsi isə bunun üçün vəsilə olacaq."
Natiq Cəfərli əlavə etdi ki, seçkidə kim qalib gəlirsə gəlsin, həmin danışıqlar bir neçə aya, təxmini 2025-ci ilin əvvəllərinə gerçəkləşəcək".
Ceyran İsmayılzadə,
Sitat.info