Gələn ilin əvvəlindən minimum əmək haqqının artırılması barədə qərar qəbul edilib. Bu artımın nə qədər olacağı isə hamını düşündürür. Ekspertlər bunun cari il üzrə inflyasiya dərəcəsinə uyğun olacağını bildirirlər.
Bəs, mövcud qiymətlər fonunda, xüsusən də ərzaq və gündəlik tələbat məhsullarının artan qiymətləri fonunda minimum əməkhaqqının optimal həddi nə qədərdir?
Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, artımla bağlı qərar artıq qəbul edilib, amma detallar haqqında ictimaiyyətə hələ məlumat verilməyib: " Bununla bağlı, 2025-ci ilə dair büdcə müzakirələri zamanı ətraflı məlumat əldə ediləcək. Ötən illərin praktikasına baxsaq, minimum əmək haqqının 10% civarında artması ehtimalı çox yüksəkdir:
“Əgər indi minimum əmək haqqı 345 manatdırsa, artıldığı təqdirdə 380-390 manat olması ehtimalı kifayət qədər yüksəkdir”.
Natiq Cəfərli onu da diqqətə çatdırıb ki, böyük ehtimalla biz bu civarda artım müşahidə edəcəyik: "Çox güman noyabr - dekabr aylarında bu haqda ətraflı məlumat veriləcək".
İqtisadçı ekspert Xalid Kərimli də Sitat.info-ya açıqlamasında bu mövzu ilə bağlı öz fikirlərini bildirib: "Proqnozlara əsasən güman edilir ki, minimum əmək haqqı 10-15 % faiz artıralacaq. Ən son minimum əmək haqqı 2023-cü il yanvar ayında artırılıb. Ötən müddət ərzində heç bir dəyişiklik edilməyib. 2023-cü ildə 8.8 faiz inflyasiya olub, bu il isə 4% -dən bir qədər çox olub”.
“İki ilin inflyasiyasını nəzərə alsaq, təxminən 13-14 % artım olacaq. Güman edirik ki, hökumət minimum əmək haqqını 10-15 faiz artıracaq”, -deyə X.Kərimli əlavə edib.
Hər iki ekspertin açıqlamasını nəzərə alsaq, minimum əmək haqqının 10 - 15 faiz artırılması gözləniləndir.
Tehran Yusifli,
Sitat.info