"Kimyəvi qatqıları olan qidalar insanı korlaşdırır, zombiyə çevirir" - Sosioloqdan HƏYƏCANLI AÇIQLAMA

08:40 3 Oktyabr 2024

Son vaxtlar insanların aqressiv davranışları,bir-birinə şiddət göstərməsi, yaşanan qətl və bıçaqlanma halları, küçə davaları artıb. Tez-tez mediada bu cür xəbərlər yayılmasının şahidi oluruq. Bəzən ölkədə bir gündə 4-5 qətl və adam yaralma xəbəri oxuyuruq. Belə ki, gəncindən yaşlısınadək  hər kəs çox aqressivdir. İnsanların daxillindəki əsəb, gərginlik isə onların davranışlarına da sirayət edib. Nəticədə ictimai yerlərdə xoşagəlməz hadisələrə daha sıx rast gəlinir. İnsanlar arasında aqressiyanın artması və kriminal halların vüsət almasının səbəbi nədir? 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən sosioloq Elçin Bayramlı  deyib ki, son dövrlərdə Azərbaycanda stress, aqressiya halları olduqca artmaqdadır: "Bunun isə çox ağır fəsadları var və təəssüf ki, cinayət hadisələri, qətllər baş verir. Həmin bu aqressiyanın yaranma səbəbləri fərqlidir. İlk olaraq insanlarda psixoloji böhranın yaranmasında mənəvi psixoloji mühitin vəziyyəti önəmlidir. Cəmiyyətimizdə mənəvi ölüm gedir, bütün mənəvi dəyərlər geri plana atılır, sadəcə maddi dəyərlər önə çəkilir. Beləliklə də utanmaq, ayıb, etik qaydaları gözardı etmək adiləşir. Bu isə qətiyyən sağlam cəmiyyətin elementləri deyil".

Ekspertin fikrincə, ikinci əsas səbəb  sosial-iqtisadi səbəblərdir: "Burada insanların yaşayışı üçün ciddi problemlərin olması, yoxsulluq, işsizlik, iş yerində əmək hüquqlarının pozulması, iş saatlarının çox olması və buna bənzər səbəblər həddindən artıq stress halı yaradır. Belə bir mühitdə yaşayan insan isə əlbəttə yığılan o qəzəb hissini həyatının hansısa hissəsində büruzə verir".

E.Bayramlının fikrincə, yediyimiz qidaların da təsiri az deyil: "Bundan başqa səbəb kimyəvi qatqıları olan qidalardır ki, insanı korlaşdırır və bir növ zombidən fərqsiz hala gətirir. Psixotrop dərmanlar da stress artımının səbəbləri arasına girir . Eyni zamanda içkilər, televiziyada göstərilən mənfi yüklü proqramlar, cinayət hadisələrindən sonra cinayətkarın hadisəni ətraflı açıqlaması da buna misaldır". 

Ceyran İsmayılzadə, 

Sitat.info



Xəbər xətti