Bakı Təşəbbüs Qrupu (BTQ) azadlıq mübarizəsində qazandığı uğurla əlaqədar Kanak xalqına təbrik ünvanlayıb.
BTQ Kanak xalqını azadlıq mübarizəsində verdiyi böyük qurbanlar hesabına Makron iqtidarını geri çəkilməyə məcbur etməsi münasibətilə təbrik edib.
BTQ-nin bununla bağlı yaydığı bəyanatda Fransa tərəfinin Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürməsi Parisin müstəmləkəçilik siyasətinə qarşı aparılan mübarizənin uğuru kimi qiymətləndirilib:
"Məlum olduğu kimi, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə Kanak xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq bir neçə aydır dinc aksiyalar keçirilir.
Bu aksiyalar nəticəsindən 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda Kanak xalqının azadlıq cəbhəsi olan FLNKS-in əsas fiqurları, xüsusilə hərəkatın lideri Kristian Teyn qanunsuz həbs edilərək Lyon şəhərinə köçürülüb. Bakı Təşəbbüs Qrupu ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verib və dəstək verməkdə davam edəcək.
Dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini nəhayət dərk edən Makron iqtidarı Kanak xalqı qarşısında geri çəkilmək məcburiyyətində qalıb. 1998-ci ildə Fransa hökuməti ilə FLNKS arasında imzalanmış Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürüb.
Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini məcbur etdi ki, aşağıdakı güzəştləri etsin:
- Bundan sonra Koloniyaların məsələləri ilə Dənizaşırı ərazilər üzrə nazir deyil, Baş nazir özü birbaşa məşğul olacaq.
- Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədi ilə tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər.
- Baş nazir və dənizaşırı ərazilər naziri yanında formallaşdırılmış nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq (əvvələr Kanak xalqı ilə dialoqdan imtina edirdilər).
- Dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə salınır. Fransa Parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər.
- Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı 2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında rəsmən bəyan edəcək.
Bu o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli şəkildə kənardan köçürtdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək.
Bakı Təşəbbüs Qrupu inanır ki, Kanak xalqının azadlıq mübarizəsi yerli xalqın əsas tələbi olan müstəqilliyin qazanılması ilə yekunlaşacaq".
Məlum olduğu kimi, son illər Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri müstəmləkəçilik siyasətinə qarşı mübarizədir. Bu baxımdan 2023-cü ildə yaradılan BTQ xüsusi əhəmiyyətə malikdir.
Ötən illər ərzində BTQ kifayət qədər iş görüb. Fransanın kolonialist siyasətinin ifşasında BTQ-nin ciddi rolu var.
Fransanın Kanak xalqına etdiyi güzəştlər ciddi uğurdur. Bu, göstərir ki, Yelisey Sarayının müstəmləkəçilik siyasətinə qarşı mübarizə davam etməlidir. Belə olarsa, gələcəkdə daha ciddi uğurlar əldə edilə bilər.
Əlbəttə, Kanal xalqının bu uğuru Fransa müstəmləkəçiliyindən əziyyət çəkən digər xalqlar üçün də həm örnək, həm də stimuldur. Düşünmək olar ki, gələcəkdə rəsmi Parisin kolonialist siyasətinə qarşı mübarizə daha da güclənəcək. Bu isə perspektivdə Fransanın öz xarici siyasət kursuna korrektələr etməsi ilə nəticələnə bilər.
Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün