Tik-tok gəncliyimizə necə zərbə vurur? Psixoloq DANIŞDI

15:55 29 Aprel 2022

Son günlərdə yeniyetmələrin sosial şəbəkələrdə paylaşım üçün çəkdikləri videolar , oradakı davranışları müzakirə obyektinə çevrilib. İki gün əvvəl yetkinlik yaşına çatmamış iki qız tiktok çəkmək üçün metro tunelinə düşüb, qaçmağa başlayıb.

Ötən gün isə dörd yeniyetmənin bir nəfəri alçaldaraq videoya çəkməsi məsələni yenidən diqqətə gətirir.  Zamanla ayaqlaşmaq üçün sosial şəbəkələrdən istifadə zəruri haldır.  Bəs bu kimi xoşagəlməz halların qarşısını necə almaq olar?

Psixoloq Azad İsazadə mövzu ilə Sitat.info-ya bildirdi ki, bu kimi hallar həmişə baş verib: “Bu hallar həmişə baş verib. Əvvəllər sosial şəbəkələr olmadığı üçün belə hadisələr bu qədər ictimailəşmirdi. Sadəcə yaxın ətraf hadisədən xəbərdar olurdu". Psixoloq bildirdi ki, sosial şəbəkələrdə müsbət roliklərə də rast gəlinir: "Ancaq bəzən roliklər çəkmək üçün riskli addımlar atılır, başqa insanlar da bunu təkrarlaya bilirlər”.

A.İsazadə qeyd edir ki, yeniyetmələrin bu kimi davranışlarına nəzarəti həm valideynlər, də məktəb kollektivi  həyata keçirməlidir: “ Evdə və məktəbdə uşaqlara heyvanlara, özündən zəiflərə qarşı yaxşı rəftar aşılanmalıdır. Yeniyetmələrdə maksimalizm olur. Yaş dövrü ilə əlaqədar psixoloji cəhətdən həssasdırlar . Onlarda empatiya duyğusu zəifdir. Bu da yeniyetmələr arasında qəddar zarafatlara səbəb olur. Nəticədə xoşagəlməz halları yaradır”.

Ləman Şərifova

SİTAT.İNFO



Xəbər xətti