"Kişilər üçün 63 , qadınlar üçün 60 yaş" - İqtisadçı bu deputatın fikrini dəstəklədi

12:41 6 May 2022

Milli Məclisdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi baş tutub.  

Müzakirə zamanı deputat Fəzail Ağamalı pensiya yaşının kişilər üçün 60, qadınlar üçün 55 yaş olmasını təklif edib. Azərbaycanın hazırkı iqtisadi durumu  pensiya yaşının bu həddə endirilməsinə imkan verirmi?


İqtisadçı ekspert Eldəniz Əmirov Sitat.info-ya bildirib ki, bu təklif indiki halda real görünmür: "Fəzail müəllimin səsləndirdiyi təklif təbii ki, gözəl təklifdir. Ancaq, təəssüf ki, istər  mövcud iqtisadi durum, istərsə də mövcud vəsaitlər buna imkan vermir. Praktiki olaraq mümkün olmayan haldır. Biz bu tendensiyanı dünyanın ən inkişaf etmiş ölkələrində belə  nadir hallarda müşahidə edə bilərik. Bu təklifin icrası üçün  çox böyük məbləğdə vəsait tələb olunur. Buna görə də bu situasiya reallıqdan çox uzaqdır". 


Deputat Əli Məsimli isə pensiya yaşının kişilər üçün 63 yaş, qadınlar üçün isə 60 yaş olması təklifini irəli sürüb. Eldəniz Əmirov bu təklifin həyata keçirilməsini daha real hesab edir:
"Əli müəllimin fikrinin həyata keçirilməsi mümkündür. Düzdür, bu halda da müəyyən qədər vəsait sərf edilməlidir. Lakin bu təklif daha realdır. Əli Məsimlinin fikrini dəstəkləyirəm. Düşünürəm ki, bu vətəndaşlar üçün də yaxşı olacaq".

Ləman Şərifzadə 

SİTAT.İNFO

 



Xəbər xətti