Sanksiyalar 2 milyon azərbaycanlıya da təsir edəcək: Moskvadan Bakıya böyük köç başlaya bilərmi?

13:10 6 May 2022

Azərbaycan, eləcə də dünyanın bir çox ölkələri, Ukraynada başlatdığı müharibəyə görə Rusiyanın sanksiyalara məruz qalmasının tərəfdarıdır. Ancaq məsələnin digər tərəfi də odur ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və bu ölkədə olan problemlər, iqtisadiyatın zəifləməsi orada yaşayan azərbaycanlıların da vəziyyətini pisləşdirir.

Rusiyada yaşayan azərbaycanlılar bu hadisələrdən nə qədər zərər çəkəcəklər? Əgər oradan Azərbaycana doğru böyük köç başlanarsa, Azərbaycan dövləti tərəfindən hansı proqramlar hazırlanmalıdır ki, sonradan heç bir çətinlik yaranmasın?

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən deputat, iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ildə 3.1 milyard dollar olub: “Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Bu baxımdan oradakı iqtisadi vəziyyət Azərbaycanla Rusiya ilə arasında iqtisadi və ticari əlaqələrə təsir edir. Rusiyada yaşayan azərbaycanlıların sayı 2 milyondur, onların təxminən 500 mini əmək miqrantlarıdır. Bu sanksiyalar Rusiya vətəndaşları və orada yaşayan azərbaycanlılara təsiriz ötüşməyəcək.  Hətta Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcminin azalmasına da səbəb olacaq”.

Deputatın fikirlərinə əsasən, il ərzində Rusiyada yaşayan azərbaycanlılar tərəfindən  Azərbaycana 1 milyard dollara yaxın vəsait göndərilirdi, bu vəsaitlərdə də azalma olacaq: “Azərbaycan potensial olaraq əmək bazarına daxil olacaq yeni işçi qüvvəsinin işlə təmin olunması ilə bağlı tədbirlər həyata keçirir, əmək bazarının leqallaşdırılması və sair istiqamətdə iş aparılır. Əmək bazarına daxil olacaq vətəndaşların, eləcə də xaricdən gələn vətəndaşların işlə təmin olunmasını proritet olaraq görür və bu istiqamətdə, xüsusən də özəl sektorun dəstəklənməsi, iş yerlərinin açılması istiqamətlərində  işlərin davam edəcəyi gözlənilir”.

Sanksiyaların Rusiyaya təsirinə gəlincə,  iqtisadçı alim bildirdi ki, biz qarşıdakı aylarda daha kəskin formada sanksiyaların təsirinin şahidi olacağıq.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti