Rusiya ilə münasibətlər gərginləşə bilər: Kreml Bakının tələblərini yerinə yetirəcəkmi?

15:44 6 Yanvar 2025

"Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasıyla bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiklərini bildirib. Kremldən səs çıxmır. Görünür, Kremlin təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur. Əksinə, son günlər nəzarət etdikləri informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldiblər".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamaları təsadüfi deyil: "Deyəsən, Moskva-Tehran cütlüyü Suriyada məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışırlar. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfərini və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq. Bu iki dövləti yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir, Rusiya və İran ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər".

E.Şahinoğlu Rusiya-Azərbaycan münasibətlərin gərginləşməsini istisna etməyib: "Vladimir Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq. İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq".

Tehran,

Sitat.info

 



Xəbər xətti