"Hər uşağa uşaqpulu lazım deyil" - İqtisadçı fikrini belə əsaslandırdı

11:07 11 May 2022

Uşaqpulu ilə bağlı müzakirələr uzun illərdir gündəmdən düşmür və cəmiyyətin ən mühüm sosial tələblərindən  biri kimi daim səslənməkdədir.

Əhalinin əksəriyyətinin aztəminatlı olduğunu nəzərə alsaq, uşaqların sosial təminatının gücləndirilməsi , onların uğurlu gələcəyə hazırlanması üçün ən uyğun  yol uşaqpulunun verilməsidir. 2006-cı ildən bəri uşaqpulunu ünvanlı sosial yardımla əvəz etsələr də, ÜSY hamı üçün əlaçatan olmadı. Bu gün də ailəsinin gəlirlərinin yetərsiz olması səbəbindən normal qidalana bilməyən, səhiyyə xidmətlərindən istifadə edə bilməyən,  normal təhsil ala bilməyən, zəruri gündəlik belə ehtiyaclardan məhrum olan uşaqlar var. Belə bir vəziyyətdə uşaqpulunun kütləvi olaraq verilməsinə ehtiyac varmı?

Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, uşaq pulunun olması yaxşıdır: "Hamı istəyər ki, Azərbaycanda dövlət hər uşağa görə pul versin. Bu da onlara və valideynlərinə kömək olsun. Amma, burada bir neçə sual və problem var. Birincisi, dövlətin o qədər pulu varmı?  Dövlətin pulu tükənməz deyil. Tutaq ki, pulu var. Sual yaranır ki, bu nə dərəcədə səmərəli olacaq?"


İqtisadçının sözlərinə görə, hər uşağa uşaqpulu lazım deyil: "Valideyninin gəliri, imkanı olan uşaqlara dövlət uşaq pulu verməməlidir". 

Əkrəm Həsənov onu da vurğuladı ki, uşaqpulu hamıya verilməsə, hansısa meyarlara görə verilsə, o zaman da korrupsiya olacaq: "Məmurlara  uşaqpulunu kimlərə təyin etmək seçimi verilsə, yeyinti halları baş verəcək. Deməli, o pul təyinatı üzrə istifadə olunmayacaq. Hamıya uşaqpulu verilsə, pulun məbləği çox olmayacaq. Biz istəyirik ki, hamıya yox, ehtiyacı olana verilsin və daha çox olsun. Hamıya uşaq pulunun verilməsi ilə razı deyiləm. Yaxşı olar ki, kifayət qədər iri məbləğlər, ehtiyacı olanlara verilsin. Onda bu məsələ gərək şəffaf olsun. Bununla bağlı internet səhifəsi olmalıdır ki, həqiqətən ehtiyacı olub uşaqpulu alanları oradan yoxlaya bilək. Belə bir mexanizm olsa,vermək olar. Azərbaycan şəraitində başqa cür həll yolunu bilmirəm”.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti