Turizm fürsətləri bu yay da əldən çıxacaq: Sərhədlər açılsınmı? 

18:56 16 May 2022

Artıq əksər ölkələrdə turizm mövsümünə hazırlıq işləri yekunlaşıb. Bəzi dövlətlər çox sayda turist cəlb etmək üçün xüsusi proqramların icrasına başlayıblar. Nəzərə alaq ki, dünyada pandemiya artıq geridə qalıb, sərhədlər açılır və karantin şərtləri yumşalır. Bu o deməkdir ki, bu il turizmlə bağlı daha çox canlanma müşahidə olunacaq. Azərbaycanda da turizmlə bağlı xeyli işlər görülür, hazırlıq prosesi davam edir. Eyni zamanda qonşu dövlətlərdə gedən müharibə, yaşanan digər  problemlər bizə imkan verir ki, bu il xaricdən daha çox turist axınına nail olaq.  Ukraynaya, Rusiyaya gedəcək olan turistləri Azərbaycana cəlb edə bilərik.

Bunun üçün Azərbaycan turizm sektorunda hansı işlər görülməlidir? Eyni zamanda qiymətlər və xidmətin keyfiyyəti ilə bağlı nə kimi addımlar atılmalıdır?

Bu məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən turizm eksperti Əhməd Qurbanovun fikrincə, turistləri cəlb etmək üçün, Azərbaycan böyük potenasiala malikdir:

"Ümumiyyətlə Azərbaycan digər dövlətlər kimi pandemiyanın bitmə mərhələsinə doğru gedir. Yenə də pandemiyanın  tam bitdiyini demək olmaz. Gələcəkdə bizi nələr gözlədiyini bilmirik.  Amma ümumi götürsək, pandemiyanın ən yumşaq vaxtlarını yaşayırıq. Və insanlar da artıq  səyahətlərə başlayırlar. Həm ölkəmizə, həm dünyanın bir çox yerlərinə digər ölkələrdən turistlər gəlməyə başlayır. Ümumiyyətlə düşünürəm ki, turist cəlb etmək üçün Azərbaycan böyük potensiala malikdir. 

Birinci növbədə turistləri cəlb etmək üçün yeni turizm növlərini təşkil etməliyik.  Mən bunu hər zaman qeyd edirəm ki, qatar turizmini, çadır turizmini ölkəmizdə tətbiq etməliyik.  Bununla da  gələn turistləri yeniliklərlə qarşılamış olarıq. Bu da onların daha çox marağına səbəb ola bilər".

Əhməd Qurbanov bildirdi ki, quru sərhədlərin bağlı olması turistlərin ölkəmizə gəlişi çətinləşdirir: "Hazırda quru sərhədlər bağlıdır, hava nəqliyyatı isə xüsusi reyslərlə fəaliyyət göstərir. Buna görə də 2019-cu ilə nisbətən turistlərin ölkəmizə cəlbi  biraz çətindir. Amma ümid edirik ki, yay fəsli başlayana qədər quru sərhədlər açılar və hava nəqliyyatı da müntəzəm olaraq reyslərə qayıdar. Həmçinin bu qiymətlərin aşağı enməsinə də səbəb olacaq. 

Bu dediklərimiz baş verərsə, həm quru sərhəd ilə, həm də hava  nəqliyyatı ilə ölkəyə daha çox turist cəlb edərik. Bundan əlavə, mən düşünürəm ki, bir çox ölkələrlə viza rejiminin ləğvini  həyata keçirməliyik. Hazırda ölkəmiz viza alınması baxımından bəzi ölkələrə əl çatandır, əksər ölkələrə isə yox. Bunları asanlaşdırsaq daha cox turist cəlb edə bilərik".

Lamiyə Xəqani
Sitat.info



Xəbər xətti