Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Ukrayna vətəndaşı evlərini tərk edərək qonşu ölkələrə köçüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, Avropa İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranını yaşayır. Bu günə kimi Ukraynadan qonşu ölkələrə 5 milyon 264 min 767 qaçqın keçib. Bu rəqəmin 8,3 milyona çatacağı təxmin edilir. Fevralın 24-dən etibarən ölkələrini tərk edən ukraynalılar daha çox Polşa, Rumıniya və Macarıstan kimi Avropa İttifaqı (Aİ) ölkələrinə üstünlük veriblər. Türkiyə də ukraynalı qaçqınların tez-tez üstünlük verdiyi ölkələrdən biridir. Bu günə qədər 20 mindən çox Ukrayna vətəndaşının Türkiyəyə daxil olduğu təxmin edilir. Türkiyəyə gələn ukraynalı qaçqınlardan biri də Viktoriya Lulkadır. Gənc qadının Türkiyəyə gəliş hekayəsində təəccüblü təfərrüatlar var.
SİTAT.İNFO Türkiyə mediasında yer alan bu acı həyat hekayəsini təqdim edir.
Fevralın 24-ü bütün ukraynalılar kimi onun üçün də kabus kimi gecə oldu. Lulka həyat yoldaşı və körpəsi ilə birlikdə Sofivska Borşahivkadakı evində idi. Bombalar atılmağa başlayanda onlar isti yataqlarında yatırdılar.
"Biz böyük bir partlayışla çaxnaşma içində oyandıq və yataqdan dik atıldıq" -deyən Lulka, dərhal körpəsinin yanına qaçıb. Telefonuna baxarkən valideynlərindən çoxlu zənglər və mesajlar görüb. Anası ona hazır ol, müharibə başlayır - deyib.
Evdəki özü ilə götürəcək əşyaları hazırlayarkən göz yaşlarına boğulduğunu deyən qadın bildirir ki, o anları yada salmaq dəhşətlidir: "Uşağımı qucağıma alanda pəncərədən baxdım. Evimizə çox yaxın 3 döyüş təyyarəsi uçurdu. Çox qorxduq”.
"Bütün qonşularımız binanın qarşısında idi. Hamı təlaş içində idi. Həmin vaxt Rusiyada yaşayan qayınatam ərimə zəng etdi. Qayınatasının sözlərindən heyrətləndiyini bildirən gənc qadın bu sözlər qarşısında şoka düşüb: "Ərimə dedi ki, qorxma, ruslar yalnız hərbi hədəfləri vururlar. Ruslar sizə kömək edəcək”.
"Səyahət saat yarım çəkdi. Kiyevdən uzaqlaşıb daha təhlükəsiz yerə getmək üçün yola düşdük. Hər yer maşınlarla dolu olduğu üçün yol boyu çətin anlar yaşadıq. Hamı təhlükəsiz ərazilərə getmək üçün yola çıxdı. Hamı təşviş içində idi və siqnal verirdi. Bu, çox qorxulu görüntü idi"
Viktoriya Lulka Kiyev yaxınlığında yaşamamışdan əvvəl bütün ömrünü Xarkovda keçirib. Xarkov Rusiya işğalından ən çox əziyyət çəkən şəhərlərdən biridir. Dostlarının çoxunun Xarkovda qaldığını bildirən Lulka, "Cəmi bir ildir ki, Sofiivska Borşahivkada yaşayıram. Doğulub boya-başa çatdığım Xarkov şəhərinin vəziyyətini xəbərlərdən öyrənirəm, özümü çox piss hiss edirəm. Xarkov üçün çox təəssüf edirəm. Ruslar Xarkovdadırlar, onu da dağıtdılar. Bütün bunlar məni çox incidir".
Lulka da valideynləri ilə də rahat ünsiyyət qura bilmir, onlar üçün narahatdır. "Anam və atamın yaşadığı yerdə tez-tez elektrik kəsilir. Ona görə də hər gün onlarla əlaqə saxlaya bilmirəm və bu vəziyyətə görə çox təəssüflənirəm".
Hamını maraqlandıran suallar da var: Ukraynalılar hazırda Ukrayna Prezidenti Vladimir Zelenski haqqında nə düşünürlər? Onlar böyük ağrılarının səbəbkarı kimi Zelenskini, yoxsa Rusiya prezidenti Vladimir Putini görürlər?
Viktoriya Lulka Ukrayna vətəndaşı kimi Zelenski ilə fəxr etdiyini bildirib. Lulka "Mən Zelenski ilə fəxr edirəm. Nə yaxşı ki, o, dövlətimizin başçısıdır. O, qəhrəmandır. Mən ona Ukraynanın müstəqilliyi uğrunda apardığı mübarizəyə görə sonsuz minnətdaram" - deyib.
Rusiya işğalının Zelenski tərəfindən törədildiyi fikrinə tamamilə qarşı olduğunu deyən Lulka, hazırda ukraynalıların Zelenskiyə dəstəyinin 100 faiz artdığını bildirib.
Rusların işğalından əvvəl ukraynalıların ruslara qarşı heç bir mənfi baxışlarının olmadığını vurğulayan Lulka, deyib ki, hazırda hamı Rusiyaya nifrət edir.
"Əslində Ukraynada təkcə Rusiyaya deyil, ruslara qarşı da böyük bir qəzəb var. Çox insan evlərini, vətənlərini tərk edərək qaçqın düşüb. Bunu ruslara bunu heç vaxt bağışlamayacağıq".
Banu,
SİTAT.İNFO