Bakıda mənzildə ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb:
"Hazırda istintaq davam etdirilir. Müvafiq ekspertiza təyin olunub".
Xatırladaq ki, hadisə mayın 17-i saat 22 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.
Yanğın nəticəsində 7 nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.