Azyaşlını öldürən Elmir niyə sərbəst buraxıldı? - TƏFƏRRÜAT

19:37 24 May 2022

Tərtərdə 3 yaşlı uşağı öldürən rayon sakini Elmir Hüseynov cinayət məsuliyyətindən azad edilib.

SİTAT.İNFO xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin əməli anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib və ona cəza verilməyib. Bu xəbər cəmiyyətdə narazılığa səbəb olub.

APA TV məsələni aydınlaşdırmaq üçün hər iki tərəflə əlaqə saxlayıb. Elmir Hüseynovun qardaşı onun psixi vəziyyətinin pozulması ilə bağlı bildirdi ki, qardaşı 2012-ci ildə yol qəzası keçirib və qapalı kəllə-beyin travması alıb. Huşsuzluq və baş ağrıları ilə əlaqədar müalicə olunub.

Öldürülən körpənin babası isə deyir ki, hadisəni törədən şəxsin anlaqsız olması ona inandırıcı gəlmir.

Eldar Hüseynov deyir ki, hadisə baş verən vaxt qardaşının psixi vəziyyəti normal olmayıb. Onun sözlərinə görə, qardaşı qışqırdığı vaxt insanlar onun içkili olduğunu düşünüb üstünə qaçıblar. Bu da Elmirin vəziyyətinin kritik həddə çatmasına səbəbi olub.

Azyaşlının babası Eldəniz Abbasov isə iddia edir ki, həmin şəxs həyətə telefonla danışa-danışa girib.

Uşağın anası oğlunun vurulması anını belə xatırlayıb: “Başımı həyətə çevirəndə Ömərin ağacların arasından baxdığını gördüm. Bu zaman Elmir evin qarşısında “bura gəlin, sizi öldürəcəm” deyə qışqırdı. O, əlində ketman Ömərin üstünə getdi, Ömər armud ağacına tərəf qaçanda ayağı ilişib yıxıldı. Elmir birinci Öməri vurmadı. Məni vurmağa başladı. Həmin vaxt huşum getdi. Başımı qaldıranda Ömərin başından qan axdığını gördüm, onu qucağıma alıb yola qaçdım. Qonşunun maşını ilə Öməri Tərtər xəstəxanasına apardıq. Gecə saatlarında Ömər dünyasını dəyişdi”.

Ömərin babası isə deyir ki, Elmir əvvəlcə gəlinin əlini qırıb, o ayılanda artıq oğlunun vəziyyəti ağır olub.

Elmir Hüseynovun qardaşı Eldar Hüseynov isə hadisə barədə bunları danışdı.

Qeyd edək ki, 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Qafqazinfo-nun da bildirdiyinə görə, Tərtər rayon polis şöbəsinin məktubunda qeyd olunub ki, Elmir cinayətdən əvvəl kannabinoid narkotikindən istifadə edib.

Elmirin qardaşı isə bunu təkzib edir.

Qeyd edək ki, hadisə baş verənədək Elmir Hüseynov hər hansı ruhi-əsəb və narkoloji xəstəliklərlə bağlı kiməsə müraciət etməyib və dispanser qeydiyyatında olmayıb. Məhkəmə Psixiatrik Espertiza Mərkəzinin rəyinə əsasən, Elmir cinayəti törədərkən depressiv tipli üzvi affektiv pozuntudan əziyyət çəkib. Onun “Üzvi şizofreniyayabənzər pozuntu” formasında kəskin psixotik vəziyyət keçirdiyi bildirilib.



Xəbər xətti