Ermənistan - Azərbaycan arasında danışıqlarda Qarabağ məsələsinə toxunulmaması, bu məsələnin arxa planda saxlanılması və daha çox sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər nüanslar üzərində müzakirələrin aparılması cəmiyyətdə bəzi narahatlıqlara səbəb olur. Çünki qarşı tərəf də Qarabağ məsələsini fərqli bir məsələ kimi danışıqlar masasına gətirməyə, ümumi sülh danışıqlarından ayırmağa və status-kvo söhbətini bərpa etməyə çalışır.
Bəs görəsən, rəsmi Bakı buna nə üçün gedir və bunun Azərbaycan üçün zərərli tərəfi nədir?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov bildirdi ki, bu məsələyə qlobal proseslər fonunda baxmaq lazımdır: " Azərbaycan qlobal və regional iqtisadi, siyasi, hərbi layihələrdə iştirakını artırmaqla bu məsələdə üçüncü təsirin zəiflədilməsi xəttini götürüb. Hər halda hərbi qələbə əldə edən Azərbaycan məsələnin siyasi həllini də istəyir. Amma bəzi məsələlər ortamın formalaşmasını labüd edir".
A.Hüseynov etiraf etdi ki, Qarabağ məsələsinin sonraya saxlanılması əlbəttə ki, təhlükədir: "Hesab edirəm ki, qardaş Türkiyə 2023 mərhələsini salamatlıqla keçdikdən sonra Azərbaycan bu istiqamətdə onun da siyasi dəstəyini arxasına alıb növbəti qəti addımlar atacaqdır. Hər halda bütün bu amillər, iqtisadi, siyasi və hərbi amillər tamamlanmalıdır. Unutmayaq ki, qlobal ərzaq problemi və digər məsələlər bizim regiondakı proseslərin dinamikasına təsir edir. Ancaq Azərbaycan həmişə fors majorlara hazır olmalıdır".
Ləman,
SİTAT.İNFO