Azərbaycanda demoqrafik geriləmə: İqtisadçı başlıca səbəbləri AÇIQLADI

20:47 5 May 2026

"Azərbaycanda doğum göstəricisi son illərdə ciddi şəkildə aşağı düşüb. 2025-ci il son 30 ilin ən aşağı səviyyələrindən biri kimi qiymətləndirilir. İstənilən ölkədə urbanizasiya və təhsil səviyyəsinin artması və buna paralel olaraq da, iqtisadi qeyri-müəyyənliklər doğum səviyyəsinin azalmasına gətirib çıxaran əsas amillərdir. Fəqət, ölkəmizdə durum bir qədər də fərqlidir. Son illərdə həyat xərcləri çox yüksəlib. Özəlliklə, heç kimə sirr deyil ki, real gəlirlərin artım tempi həyat xərclərinin artımından geri qalır. İnflyasiya fonunda gündəlik xərclərin artması ailə büdcəsinə təzyiq edir".

Bu sözləri Sitat.info-ya  açıqlamasında iqtisadçı eskpert Vüsalə Əhmədova deyib. 

O bildirib ki, indi uşaq böyütmək ciddi xərc tələb edir: "Uşağın qidalanması, geyimi, gigiyenası, sağlamlığı, təhsili, əlavə məşğələləri və s. ailə büdcəsinin önəmli hissəsini tutur. Özəl bağça və məktəblərin qiymətləri hər kəsə məlumdur. Böyük şəhərlərdə, xüsusilə Bakıda mənzil qiymətlərinin yüksək olması gənc ailələrin ev sahibi olmasını çətinləşdirir. İpoteka şərtləri əlçatan deyil. Və bunların nəticəsi olaraq da, ailələr uşaq tərbiyyə etmək kimi uzunmüddətli öhdəliklərdən çəkinirlər".

İqtisadçının fikrincə, əgər iqtisadi təhlükəsizlik hissi güclənərsə ailələr uşaq sahibi olmağı daha çox arzu edərlər: "Hazırda Azərbaycanda doğuma görə verilən birdəfəlik müavinət təxminən 600 manat təşkil edir. Bu isə bir çox ölkələrlə müqayisədə zəif motivasiya sayılır. Həmçinin də, gənc ailələr üçün ipoteka güzəştləri, çoxuşaqlı ailələr üçün kommunal və kirayə subsidiyaları, pulsuz və ya ucuz uşaq bağçaları kimi variantlar düşünülə bilər. Ən vacibi isə, hər bir uşaq üçün real yaşayış minimumuna uyğun aylıq müavinətlərin verilməsidir.

V.Əhmədova ümumi doğum əmsalının azaldığını da vurğulayıb: "Ümumi doğum əmsalı" (TFR - Total Fertility Rate) bir qadının reproduktiv dövrü ərzində orta hesabla neçə uşaq dünyaya gətirdiyini göstərən əsas demoqrafik göstəricidir. Əsasən, uzunmüddətli əhali dinamikasını ölçmək üçün istifadə olunur. Əmsalın 2.1-dən böyük olması əhali artımı, 2.1-dən kiçik olması isə uzun müddətdə əhali dinamikasının azalması deməkdir. Son illərdə Azərbaycanda TFR təxminən 1.5-1.7 aralığına düşüb. Bu isə onu göstərir ki, zamanla əhali strukturunda yaşlıların payı artacaq. Beləcə, gələcəkdə əmək bazarına daxil olanlar da azalmış olacaq. Nəticədə, dövlət bir işləyənə daha çox pensiyaçı saxlamalı olacaq. Belə olan halda, pensiya fondları çətinlik çəkə bilər, vergi yükü və büdcə kəsiri riski arta bilər. Bu isə, potensial ÜDM artımının və iqtisadi dinamikanın zəifləməsi deməkdir. Məsələn, AB ölkələrinin ortalaması 2022-2023-cü illərdə təxminən 1.5 uşaq idi. Avropa ölkələri bu tendensiyanı iqtisadi siyasətlə aradan qaldırmağa çalışdı və buna da nail oldu. Uşağa verilən aylıq sosial müavinət ilə doğum səviyyəsi həmişə eyni dərəcədə yüksəlməyə bilir, lakin bu cür maddi dəstəklərin effekti əksər ölkələrdə güclüdür. Uşağ üçün verilən birbaşa pul müavinətlərinin, doğum səviyyəsi ilə korrelyasiyası ən yüksək olan ölkələrə baxsaq bunlar, Birləşmiş Krallıq - 0.90, Niderland - 0.89, Estoniya - 0.87, İspaniya - 0.86, Polşa - 0.84, Çexiya - 0.82 və s. ölkələrdir".

İqtisadçı vurğulayıb ki, bu istiqamətdə uğurlu təcrübələr var: "Macarıstan uzun illərdir ailə dəstəyinə böyük məbləğlər xərcləyir və nəticədə TFR göstəricisində 2010-2020 dövründə təxminən 1.25-dən 1.5-ə qədər artım əldə edib. Universal uşaq müavinəti dövründə İspaniyanın TFR əmsalında təxminən 3%-lik artım müşahidə olunub. Ümumiyyətlə aylıq müavinət uşağın marjinal xərclərini azaldır və ailələr daha çox uşaq sahibi olmağı arzu edir. Xüsusilə, orta və aşağı gəlirli ailələrdə müavinətin effekti daha güclü olur. Azərbaycanda da ailələrin əksəriyyəti orta və ya aşağı gəlirlidir. Bu qruplarda pul, qərarı daha çox dəyişir. 200 AZN zəngin ailə üçün əhəmiyyətsiz görünə bilər, amma aşağı gəlirli ailələr üçün real stimuldur".

Nigar,

Sitat.info 



Xəbər xətti