Meyvə-tərəvəzin topdansatış qiyməti nə qədər ucuz imiş... "Meyvəli"dən reportaj FOTOLAR

14:32 16 İyun 2022

Yay mövsümü başlayandan bəri kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşmağa doğru günbəgün davam edən bir tendensiya başlayıb.

Bu ucuzlaşma isə ölkənin ən böyük topdansatış bazarı olan "Meyvəli" bazarında daha çox nəzərə çarpır. Paytaxt Bakının və Bakıətrafı kəndlərin meyvə-tərəvəzi bu bazardan gəlir. 

SİTAT.İNFO-nun müxbiri bazarda olub və qiymətləri müşahidə edib.

"Meyvəli  bazarı"nda payız-qış mövsümü ilə müqayisədə daha çox canlanma nəzərə çarpır. Həmişə olduğu kimi bazar gecə saat 4-dən fəaliyyətə başlayır. Məhsul almaq istəyən dükan sahibləri erkən saatlarda buraya üz tuturlar. 

Həmçinin buraya bölgələrdən məhsulunu satmağa gələn fermerlərin, iri və xırda ticarətçilərin də əsas dayanacağıdır. 

Qeyd edək ki, "Meyvəli" bazarı yalnız topdansatış həyata keçirir. Yəni, burada kiloqramla mal almağınız mümkün deyil. 

Bazarda isə qiymətlərə gəlincə, pərakəndə satışla müqayisədə qiymətlər ən azı 50 faiz, bəzən hətta 2 dəfə ucuz olur. 

Məsələn, kartofun kiloqramı  30-40 qəpikdən təklif olunur, marketlərdə isə kartofun kiloqramı 80 qəpik - 1 manatdır. Soğanın topadansatış qiyməti  80 qəpikdir. Badımcan 90 qəpik -1 manat, bibərin kiloqramı 3 manatdır. 

Marketlərə də baş çəkən müxbirimiz yazır ki, hazırda badımcan 1.50-2 manat, bibərin kiloqramı 3.50- 4 manatdır. Soğanın qiyməti bir müddət öncə 50 qəpiyə qədər ensə də, son günlər bahalaşır. 

Topdansatışda çuğundurun kiloqramı 70 qəpik, kök 70 qəpik, pomidor - 1- 1.30 manat, xiyarın kiloqramı 40 qəpik, gilaslar növünə görə 2 manatdan 6 manata qədərdir.

Hələ kütləvi olaraq tələb görməyən yemişin kiloqramı 1.50 -2 manat, lobya 1- 1.30 manat, çiyələyin kiloqramı 2.50 manat, gavalı 1 manat , şaftalı 1.50-2 manat, alçanın kiloqramı növünə görə, 1.50 -7 manatadır. 

Yayın sevimli məhsulu olan qarğıdalının topdansatış qiyməti  40 qəpikdir, lakin pərakəndə satışda 70-80 qəpiyədir. 

Səid İsaoğlu,

FOTOLAR MÜƏLLİFİNDİR
SİTAT.İNFO




Xəbər xətti