İsti havalarda işləməyə məcbur edənlərə xəbərdarlıq: Onları bu cəza gözləyir - Ekspert rəyi

10:55 17 İyun 2022

Yayın ilk günləri olsa da, artıq havanın temperaturu yüksəlməyə başlayıb. Mütəxəssislərin proqnozuna görə, bu il yay digər illərlə müqayisədə daha isti olacaq. Nəzərə alsaq ki, ölkə ərazisində açıq havada, günəş altında işləyən xeyli sayda işçi var. Bəs bu işçilərin təhlükəsizliyi təmin olunacaqmı?

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ekspert Orxan Musayev sitat.info-ya açıqlamasında isti havalarda qanunvericiliyin tələblərini belə izah edib: "Azərbaycanda əmək qanunvericiliyinin tələblərinə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və ya fasilələr müəyyən edilməlidir. Həmçinin işəgötürən tərəfindən işçilərə sərinləmək üçün imkan yaradılmalı, iş sahələri içməli sular ilə təmin edilməli, onlara fasilələr və ya istirahət üçün otaqlar hazırlanmalıdır.

Ekspert əlavə edib ki, işlərin dayandırılması və fasilələrin verilməsi üçün havanın temperaturunun qanunvericiliklə nəzərdə tutulmuş son həddə çatmasını gözləmək şərt deyil. İsti hava şəraitində temperatur Əmək Məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulmuş həddə çatmasa belə, müəssisənin daxili prosedurlarına əsasən işçilərə fasilələr verilə bilər: " şçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin kompleks şəklində yerinə yetirilməsi olduqca vacibdir.

İşəgötürənlər tərəfindən Əmək Məcəllənin 233-cü maddəsinin tələblərinə riayət edilmədiyi hallarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, qeyd olunan hal üçün İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub. Həmçinin aşkarlanan nöqsanların aradan qaldırılması üçün işəgötürənə məcburi göstərişlər verilir.

Safura Bənnayeva,
SİTAT.İNFO

 



Xəbər xətti