Şadlıq evlərində saxta içki təhlükəsi: Markası tanınmayan məhsullara kim nəzarət edir? FOTOLAR

14:10 17 İyun 2022

Çox zaman restoranlarda, şadlıq evlərində tanımadığımız markalardan olan meyvə şirələri və  qazlı içkilər süfrəmizə qoyulur. "Classic", "Dadım", "Emerald" və s. adlarda meyvə şirələri, qazlı sərinləşdirici içkilər, kompotlar Bakının heç bir market və ya mağazasında satılmır. Tanınmayan bir firmaya məxsus olan içkilərin süfrəyə yerləşdirilməsi və insanların ondan istifadə etməsi hansısa zərərlərə yol açırmı? Bu meyvə şirələrinə nəzarət varmı? Onlar necə markalaşdırılıb, hansı qurumlardan icazə alınıb, harada istehsal edilir, istehsala və keyfiyyətə nəzarət varmı? Yoxsa sadəcə restoranın zirzəmisində istehsal olunur və üzərinə saxta etiket yapışdırılaraq süfrəyə qoyulur? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə qida zəncirinə tarladan, fermadan istehlakçının masasına qədər nəzarəti Qida Təhlükəsizlik Agentliyi yerinə yetirir: “Bura əkənlər, biçənlər, saxlayanlar, satanlar hamısı daxildir. Qida zəncirində iştirak edən hər bir şəxs Qida Təhlükəsizliyi Agentliyində mövcud qanunvericiliyə görə reystrə daxil olmalıdır və Agentlik orada vaxtaşırı yoxlamalar aparmalıdır və s. O cümlədən  restoranlarda təklif olunan mallar harada varsa, Qida Təhlükəsizliyi Agentliyində reysterə daxil olmalıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, ayrı-ayrı  restoranlarda saxta sipirtli içkilərlə bağlı məlumatlar gəlir: “Ola bilər ki, müəyyən bir istehsalçı özəl olaraq hansısa restoran və ya şadlıq sarayı üçün ayrıca mal istehsal etsin, satışa verməsin. Bu hallar mümkündür. Hansısa müqavilə əsasında müəyyən restoranlar üçün satışa verilir. Lakin bunlar da mütləq nəzarət altında olmalıdır. Məhsulun üzərində etiket  olmalı, orada istehsalçı firmanın adı, ünvanı, telefon xətti və digər məlumatlar əks olunmalıdır. İnsanlara restoranlarda şübhəli qaldıqları bir məhsulla bağlı "1003" qaynar xətti ilə Qida Təhlükəsizlik Agentliyinə məlumat vermələri tövsiyə olunur”.

Safura Bənnayeva

SİTAT.İNFO




Xəbər xətti