“Əhalinin gəlirlərində və pensiyalarda artım gözlənilir” – DEPUTAT AÇIQLADI

14:04 21 İyun 2022

"Dünyada ərzaq böhranı baş verir, inflyasiya artır, qiymələr sürətlə yüksəlir. Azərbaycan əhalisinin qazancı o qədər çox olmadığına görə, qiymətlər onlara çox ciddi problemlər yaradır. Belə demək olar ki, Azərbaycan vətəndaşlarının xeyli hissəsi çarəsiz duruma düşür. Hazırda marketlərə, bazarlara gedən zaman cibimizdə olan vəsaitlə ailəmizi saxlayacaq dərəcədə ərzaq təmiantı yarada bilmirik".

Bu sözləri Sitat.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.  

Onun sözlərinə görə, hökumət bunu bilir və qarşısını almaq , insanların sosial vəziyyətini yaxşılaşdırmaq üçün modellər üzərində düşünür: "Biz də parlament olaraq bununla bağlı hökumət qarşısında məsələ qaldırırıq, deputatlar çıxış edir və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müəyyən sosial paketlərin qəbul olunması istiqamətində çağırışlar edirik. Dünya bazarında neft və qazın qiyməti qalxdığına görə, Azərbaycanın gəlirlərində müəyyən artım var. Büdcəyə yeni  düzəlişlər ediləcək. Bu düzəlişlər nəticəsində əhalinin də, pensiyaçıların da aldıqları vəsaitlərdə xeyli artım gözlənilir. Pensiyaçıların aldıqları təqaüdlərə artımlar olacaq. Bu artan qiymətlərin müəyyən qədər balanslaşdırılmasına, kompensasiya edilməsinə gətirib çıxaracaq".

Millət vəkili vurğuladı ki, paralel olaraq hökumət rəqabətli iş yerlərinin yaradılmasına çalışmalıdır: "Xarici və yerli iş adamlarının ölkəyə sərmayə qoyub yeni iş yerləri yaratması üçün stimul yaransın. Bu məsələlərdə çox geri qalırıq. Yaxşı iş yerləri olmadığından  Azərbaycan əhalinin gəlirləri aşağı düşür. Yeganə yol ölkəyə investisiyaların cəlb edilməsidir. Bunun üçün iş mühiti indikindən ən azı 10 dəfə sadələşdirilməlidir. İnvestisiya qoyuluşları stimullaşdırılmalıdır, xarici investorlar üçün bir maraq yaratmalıdır.  Onlar əmin olmalıdırlar ki, pul qoyub pul qazanacaqlar. Bu istiqamətdə düşünüb qərar qəbul etmək lazımdır. Hesab etmirəm ki, hazırda vəziyyət Azərbaycana investorların cəlbi üçün o qədər də əlverişlidir".

Lamiyə Xəqani,

SİTAT.İNFO



Xəbər xətti